BMT-nin virtual konfransında Yəmənə 1,35 milyard dollar yardım ayrılacağı vəd edilib

3 İyun 2020 07:11 (UTC+04:00)

Humanitar fəlakət yaşayan Yəmənə yardım məqsədilə BMT-nin Səudiyyə Ərəbistanı ilə birgə təşkil etdiyi virtual konfransda inkişaf etmiş ölkələrin hökumət nümayəndələri bu ölkəyə 1,35 milyard dollar yardım ayrılacağını vəd ediblər.

SİA xəbər verir ki, BMT-nin Baş katibi Antoniu Quterreş və Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləzizin təşəbbüsü ilə videokonfrans vasitəsilə keçirilən donor tədbirində silahlı münaqişə və koronavirus nəticəsində dəhşətli aclıq vəziyyətində olan Yəmənə dərhal yardım göstərilməsinin zəruriliyi qeyd edilib. İlk addımı 500 milyon dollar həcmində vəsait ayıran Ər-Riyad atıb.

Virtual donor konfransında Almaniyanın Federal Xarici Ofisi üzrə Dövlət naziri Niels Annen Yəmənə 125 milyon avro, Böyük Britaniya Xarici İşlər Nazirliyinin Yaxın Şərq və Şimali Afrika departamentinin rəhbəri Ceyms Kleverli 160 milyon funt sterlinq yardım ayrılacağını vəd ediblər. May ayında Yəmənə 225 milyon dollar həcmində yardım ayıran ABŞ donor konfransında təmsil olunmayıb.

BMT-nin Baş katibi Yəmənə maliyyə yardımının həcmini 2 milyard dollara çatdırmağı təklif edib. O, bu ölkədəki vəziyyəti “müasir tarixdə ən ağır humanitar fəlakət” kimi xarakterizə edib.