Çox təhlükəli silah: Sosial şəbəkələr! ARAŞDIRMA

2 İyun 2020 18:17 (UTC+04:00)

İnternet resurslarının bir qolunu təşkil edən sosial şəbəkələr artıq, həyatımızın bir hissəsinə çevrilib. Hətta, bir çoxları onları həyat tərzinin ayrılmaz bir hissəsi kimi səciyyələndirir. Yeni informasiya münasibətlərinin qurulduğu bir dövrdə, heç şübhəsiz ki, sosial şəbəkələrdən istifadə bizə misilsiz imkanlar yaradır, lakin, qüsursuz imkanlar yaradır, deyə bilmərik. Sosial şəbəkələrin faydaları çoxdur, hətta, bu faydalardan düzgün istifadə edə bilən şəxslər üçün mükəmməl bir platformadır. Lakin, onlardan düzgün istifadə etməyən şəxslərin əlində sosial şəbəkələr demək olar ki, çox təhlükəli bir silahdır. Bu silahdan düzgün istifadə edə bilmədikdə onunla özümüzə və ətrafımızdakı insanlara yalnız ziyan vura bilərik.

Sosial şəbəkələrin tarixi haqqında qısa xülasə keçsək haradan başlaya bilərik?

2020-ci ilə qədər dünyada sosial şəbəkələrdən istifadə ilə bağlı statistik gösəricilər.

Əvvəlcə 2006-cı ildən "Facebook" sosial şəbəkəsi gündəmimizə daxil oldu. Daha sonra ən çox istifadə olunan sosial şəbəkələrdən "Twitter", "Instagram", "WhatsApp", "Snapchat", "Badoo", "Foursquare", "Youtube", "Swarm", "Periskop", "Vine" və daha başqa plaformalar həyatımıza keçid etdi.

Bu gün dünya üzrə 3,5 milyard şəxs sosial şəbəkələrdən istifadə edir. İstifadəçilərinin say çoxluğuna görə "Facebook" birincı sırada gəlir. Bu şəbəkənin ümumi 2,3 milyard istifadəçisi mövcuddur. Amerikada hər 3 yeniyetmədən 2-si "Facebook"dan istifadə edir. Bu əhalinin 68 faizini təşkil edir.

Yaş və nəsil bölgüsünə görə isə maraqlı nəticələr oraya çıxır. Belə ki, ümumi istifadəçilərin 80,4 faizi 1980-1990-cı illərdə (2000-ci ilə qədər) dünyaya gələn insanlar təşkil edir. İstifadəçilərin 7,5 faizini 1960-1980-ci illər arasında dünyaya gələn şəxslər, 8,2 faizini 1945-1960-cı illər arası təvəllüdlü şəxslər ehtiva edir. Bu da onu göstərir ki, sosial şəbəkələrdən daha çox gənc kütlə istifadə edir.

Gün ərzində hər bir şəxs təqribən 3 saatdan çox sosial şəbəkələrdə vaxt itirir və bəziləri də əslində bu vaxt ərizində nəsə qazanır. Marketoloqların 73 faizinin fikrincə sosial media vasitələri ilə reklam fəaliyyəti və məhsulun təbliğatı ilə məşğul olmaq daha yaxşı və onların biznesi üçün daha səmərəli nəticələr verir. İstifadəçilərin 54 faizi sosial mediada məhsul axtarışı həyata keçirir. Sosial media vasitələri ilə təklif edilən məhsul və xidmətləri dəyərləndirən istehlakçıların 71 faizi bundan razı qalır və ailə, yaxınları, həmçinin, dostları ilə müsbət təəssüratlarını bölüşür. İstehlakçıların 49 faizi sosial media vasitəsilə məhsullarını və xidmətlərini təqdim edən qrup və şəxslərin onlara daha çox əsir etdiyini qəbul edir. Onlara inamın daha yüksək olduğunu təsdiqləyir. Belə bir statistika da mövcuddur ki, 91 faiz istifadəçi sosial mediaya keçidi mobil telefonlar vasitəsilə təmin edir. Dünyada hər 5 adamdan 2-si internetdən istifadə edir və hər 3 nəfərdən 1-i sosial mediaya çıxış əldə edir.

Araşdırmalar təsdiq edir ki, bütün bunlardan belə nəticə çıxararaq sosial media gündəmdən xəbərdar olmağımıza daha tez imkan yaradır. Məhsullarımızı, xidmətlərimizi, təkliflərimizi və ümumilikdə, biznesimizi inkişaf etdirmək üçün mükəmməl bir tribunaya çevrilir. Düzgün istiqamətdə və gündəlik real sosial həyatımızla yanaşı yerində istifadə edildikdə sosiallaşmanı daha da arıtırır, gün ərzində faydalı məlumatlar əldə etməyimizə yol açır, bizə texnologiyadan və texnoloji vasitələrdən istifadəni daha da yaxınlaşdırır. Bəzən bizimlə eyni zövqlərə və xobbilərə malik insanlarla fikir mübadiləsi aparmağımıza səbəb olur. Bununla yanaşı dünyanın müxtəlif ölkələrindən olan insanların həyat tərzi ilə tanış oluruq və müxtəlif mədəniyyətlərə şahid oluruq. Öz maddi və mədəni dəyərlərimizlə başqalarını da tanış edirik. Müsbət olan ünsürləri daha yaxşı təbliğ edə bilirik. Bütün bunlar sosial şəbəkələrdən düzgün və yerində istifadə nəticəsində baş verir.

Bəs, əgər düzgün istifadə edə bilmədikdə nə baş verir? İnsanlar bəzən yalan, yalnış və dəqiqləşdirilməmiş informasiyalara məruz qalır, manipulyasiyaya uğrayır. Bəzən təhqirlərlə üzləşir, psixi cəhətdən təzyiqə məruz qalır. Tənqid və təhqir anlayışları qarışdırılır. Paylaşımlarda əxlaqi sərhədlər bəzən aşılır. Etik və estetik anlayışlar arxa plana atılır. Mədəni dəyərlər sıradan çıxır. Çox uzun müddətdə şüur altımıza yavaş-yavaş yeridilən yalnış fikirlər bir müddətdən sonra insanların qeyri-etik davranışlar sərgiləməsinə səbəb olur. Bunların qarşısını ilk növbədə qanunlar çərçivəsində ala bilərik.

Sosial şəbəkələrin hüquqi cəhətdən tənzimlənməsini hansı qanunlar həyata keçirir?

Məsələni SİA-ya şərh edən Bakı Dövlət Universitetinin Hüquq üzrə elmlər doktoru, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, "Sosial Hüquqların Araşdırılması" İctimai Birliyinin sədri Mayis Əliyev bildirib ki, informasiya haqqında, informasiyalaşdırma haqqında və elektron hökumət barəsində qanunlar mövcuddur, lakin, sırf sosial şəbəkələrin hüquqi cəhətdən tənzimlənməsinə yönəlmiş bir qanun layihəsi yoxdur. Lakin, hər bir şəxs söhbət yalan və böhtan xarakterli, həqiqəti əks etdirməyən, eyni zamanda, təhqir hesab edilən fikirlərinə görə cinayət məsuliyyətinə cəlb edilə bilər:

"Kütləvi informasiya vasitələrində gedən təhqirə görə məsuliyyət Cinayət Məcəlləsində mövcuddur, həmçinin, İnzibati Xətalar Məcəlləsində də bununla bağlı maddə var. Təbii ki, istənilən halda qərarı məhkəmə verir ki, orada işlədilən ifadə təhqir hesab edilir ya yox. Ola bilsin ki, məhkəmə orada işlədilən ifadəni təhqir saymasın. Yalan və həqiqəti əks etdirməyən məlumatların yayımlanmasıyla bağlı isə "Kütləvi İnformasiya Vasitələri haqqında" Qanunda, həmçinin, Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində maddələr var. Hər bir şəxs yalan məlumat yaymağa görə məsuliyyət daşıyır".

Qeyd edək ki, Azərbaycan Konstitusiyasında da hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ var, heç bir hal şəxsiyyətin ləyaqətinin alçalmasına əsas verə bilməz.

Mülki Məcəllənin 7-ci maddəsinə görə, şərəf və ləyaqəti ləkələyən, həqiqətə uyğun olmayan məlumatların təkzib edilməsi məhkəmə yolu ilə tələb edilə bilər. Həmçinin, şəxsin buna görə təzminat və ya kompensasiya almaq hüququ var.

Sosial şəbəkələrdə təhqir və böhtan hansı hallarda cinayət məsuliyyətinə səbəb olur?

Real kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internetdə böhtan və təhqir etmə Cinayət Məcəlləsinin (CM) 147 və 148-ci maddəsi ilə məsuliyyətə səbəb olur. Eyni zamanda CM-nin 148-1-ci maddəsinə görə, İnternet informasiya ehtiyatında saxta istifadəçi adları, profil və ya hesablardan istifadə edərək, kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə cinayət hesab edilir.

Sosial şəbəkələrin hüquqi cəhətdən tənzimlənməsi hansı meyarlar əsasında aparıla bilər?

Bu baradə SİA-ya açıqlama verən "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, bu həm qlobal bir problemdir, həm də ayrı-ayrı milli dövlətlərin problemidir: "Bunun milli hökumətlər, ayrı-ayrı dövlətlər səviyyəsində tənzimlənməsinin effektiv olacağını düşünmürəm. Bəzi məqamları nəzərə almaq olar. Lokal xarakterli bəzi məlumatları və xarakterləri nəzərə alaraq tənzimləmək mümkündür. Lakin, bu resurs özü xaricdə yerləşdiyi üçün və yerləşdiyi ölkənin qanunları ilə tənzimləndiyindən burada ayrı-ayrı ölkələrin də özünün spesifik qanunvericilikləri olduğuna görə hansısa ölkələr səviyyəsində bunun yetərincə tənzimlənməsini gözləmək doğru olmaz.

Yanaşma ola bilər ki, ayrı-ayrı ölkələrdə bu sosial media ilə bağlı müəyyən məqamlar nəzərə alınsın. Hansı ki, bizim ölkənin qanunvericiliyində də bu istiqamətdə müəyyən məsələlər öz həllini tapıb. Sosial medianın tənzimlənməsi ilə bağlı düşünürəm ki, daha çox beynəlxalq müstəvidə, beynəlxalq qurumlar tərəfindən, beynəlxalq sənədlərlə tənzimlənməsi doğru olardı. Son dövrlərdə dünyada yeni informasiya münasibətləri formalaşıb. Bu qlobal resurslara qarşı haqlı olaraq müəyyən iradlar var. Onların hüquqsuz hakimiyyəti formalaşıb. Onlar kontentə müdaxilə edərək nəsə edə biliblər və istifadəçilərin məlumatlarını sata biliblər və s.

Son dövrlərdə qlobal informasiya resursları ilə bağlı yaranan situasiya yeni bir tənzimləmə tələb edir. Mən düşünürəm ki, bunun beynəlxalq çərçivədə olması daha doğru olardı".

Bütün bunlardan əlavə sosial medianın cəmiyyətə təsiri haqqında psixoloqlar nə deyir?

ABŞ-ın Kaliforniya Ştatında Media Psixologiyası Araşdırma Mərkəzinin psixoloqu doktor Pamela Rutlec bildirib ki, müasir cəmiyyətin həyatında böyük rolu olan sosial şəbəkələrin ən böyük təhlükəsi onun yaratdığı asılılıqdan daha çox yalan məlumat yaymaq metoduna çevrilməsi və insanların tənqidi düşünmə qabiliyyətini azaltmasıdır. Bizə hazır şəkildə təqdim edilən informasiyanı olduğu kimi qəbul edib ona tənqidi düşüncə tərzi və ya çarpaz düşüncə tərzi ilə yanaşmağımızın qarşısını alır. Buna görə də səhv məlumatlar, təbliğatlar və aqressiv xarakterli informasiyaların və bəzən psixoloji təzyiqlərin və təhqirlərin qarşısını almaq mümkün olmur.

Onun sözlərinə görə, insanlar real həyatdakı məqsədlərinə çatmaq üçün texnologiyalardan istifadə etməyi öyrənməlidir, lakin, onlardan psixoloji cəhətdən asılı olmamalıdır:

"Təbii ki, texnologiyadan asılı olan insanların hamısı bu asılılıqdan əziyyət çəkir mənasını vermir. Təhlükəli olan psixoloji asılılıqdır. Sosial media asılılığı texnologiya asılılığının bir hissəsini təşkil edir və bunun arxasında psixoloji problemlər dayanır".

Yəni sosial şəbəkələrdən az istifadə və ya çox istifadə etmək psixoloji asılılığın dərəcəsini təyin etmir. Söhbət tamamilə insanın mənəvi cəhətdən ondan asılı olub, olmadığından gedir. Əgər sağlam düşüncə tərzi il sosial şəbəkələrdən istifadə ediriksə bu düzgün istifadə hesab olunur.

Bəs, araşdırmalar hansı faktları ortaya qoyur?

"Royal Society Interface" jurnalında dərc olunan bir araşdırmada bir qrup elm işçisinin sorğusunda əsasən insanların sosial media məlumatlarını necə qəbul edib emal etmə bacarığı test edilib. Belə ki, istifadəçilər qarışıq və mürəkkəb suallara daha yaxşı cavab versə də, onlar məntiqi düşüncə və fikir irəli sürmək cəhətdən neqativ nəticələr oraya qoyublar. Bu da sosial şəbəkələrdə məlumatları hazır şəkildə qəbul edib özümüzü inkişaf etdirə bilməməyimizdən irəli gəlir. Sadəcə hazır məlumatlar əldə edirik və bu da bizi diqqətsiz edir.

Eyni zamanda digər bir araşdırmada sosial medianın sosial əlaqələrimizə zərər verdiyi açıqlanıb. Digər bir fakt isə müasir dünyada boşanmaların hər 3-dən 1-nin sosial şəbəkələrdən dolayı yaranan problemlərə bağlı olduğu güman edilir.

Digər bir fakt isə insanlarda narsist xüsusiyyətlər yaratmasıdır. Hər kəsin özünəməxsus bir dünyası var və o dünyaya görə yaşayır. İnsanlar həyatının bir qismini sosial şəbəkələrdə paylaşır, bəzən bir çox istifadəçi sosial mediaya fotolar yükləmək üçün səyahət etdiyini bildirir. Nəticədə insanlar anı yaşamaq əvəzinə anın bir hissəsini bölüşməyə köklənir. Bu da vərdiş halını aldıqda narsizmə yol açır.

ABŞ-ın Qərbi İllion Universitetinin tədqiqatçılarının apardığı araşdırmada "Facebook"da sosial olan insanların bir çoxunun həqiqi həyatda əslində asosial davranışlar ortaya qoyduğu açıqlanıb. Bütün bunlar bəzən depresiyaya da səbəb olur. ABŞ-da Pittsburq Universitetinin tədqiqatçılar qrupu sosial media istifadəçilərinin dörddə bir hissəsinin depresiyaya düşdüyünü bildiriblər. Bəzən insanların sosial mediada saxta və neqativ xəbərlərə, qeyri-etik ifadələrə tez-tez rast gəlməsi onların ətrafa müsbət yanaşmasına imkan vermir. Digər tərəfdən isə araşdırmalar nəticəsində sosial şəbəkələrin bəzən iş prosesinə də təsir etdiyi üzə çıxıb. Bergen Universitetinin araşdırmasına görə, iş yerlərində sosial mediadan istifadə artdıqca iş performansı azalır. Təxminən, 11 min iştirakçının olduğu araşdırmada bu öz təsdiqini tapıb.

Uşaqlar və gənclər sosial şəbəkələrdən necə təsirlənirlər?

Türkiyənin psixiyatriya üzrə məhşur professoru Rıdvan Üney bildirir ki, bu bir həqiqətdir, sosial mediadan imtina etmək, artıq, mümkün deyil, bu, yeni ünsiyyət formasıdır və sadəcə daha təhlükəsiz olmalıdır, yalnız onun təhlükəli tərəflərini dərk etsək, uşaqlarımızı və gənclərimizi qoruya bilərik:

"Sosial şəbəkələr uşaqlarımızda və gənclərimizdə ilk növbədə şəxsiyyətin formalaşmasına mənfi təsir gösərir. Onların özlərində məmnun olmadıqları cəhətlr var və bu cəhətləri dəyişdirmək üçün mübarizə apardıqları dövrdə sosial mediada yaratdıqları saxta profil ilə özlərini tamamilə fərqli bir insan kimi qələmə verirlər. Bu onların şərdi şəxsiyyət kimi formalaşma prosesinə mənfi təsir edir.

Digər tərəfdən gənclər bəzən başqalarında gördükləri fərqli geyim tərzlərini bəyənir və sınayırlar. Bununla da sosial mediada açıq, çılpaq və ya bədənin müxtəlif hissələri görünən fotoşəkillər paylaşırlar. Düşünürəm ki, bu da neqativ hallara nümunədir. Digər tərəfdən adının sosial olmasına baxmayaraq gənclərin ailəsi, dostları və yoldaşları ilə keçirdiyi vaxt məhdudlaşır. Onlar cəmiyyətdən uzaqlaşır.

Danışa bilməyən, lakin, yaza bilən gənclər formalaşır. Sosial mediadan istifadə edən bir çox gənclərin söhbət etməkdənsə yazışmağı üstün tutduqları məlum olur. Bu sosial münasibətlərə xələl gətirir.

Yalan, böhtan və təhqir... Gənclər yetkinlik dövründə yetkin kimi qəbul edilmək istəyirlər. Cəmiyyətdə özünü təsdiq edə bilməyən gənclər sosial mediada uyğun olmayan davranışlar sərgiləyirlər və bu mütəmadi hal alır.

Sosial media ondan neqativ istiqamətdə istifadə edənlər üçün də tribunadır. Həm iqtisadi cəhətdən istismar, qeyri-qanuni davranışlar hüquqi problemlərə səbəb olur".

Bütün bunların fonunda sosial şəbəkələrin faydaları ilə yanaşı, ziyanlarını da görmüş oluruq. İstənilən halda sosial şəbəkələr həyatımızın bir hissəsinə çevrilib. Onlardan ayrı düşmək tam olaraq mükün deyil. Lakin, sosial məsuliyyətimizi dərk edib onlardan düzgün istiqamətdə istifadə edə bilərik. Bu gün atdığımız hər addım, istifadə etdiyimiz hər bir ifadə, hər bir fikir və davranış foorması daha yaxşı cəmiyyətin və daha yaxşı gələcəyin qurulmasını təmin etməlidir.