Mədəni konsaltinq xidmətləri davam edir

2 İyun 2020 15:41 (UTC+04:00)

Karantin dövründə reallaşan “Mədəni konsaltinq” layihəsi çərçivəsində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Asif Usubəliyevin "Postpandemiya: kitabxanaçılıq fəaliyyətinin yeni fəlsəfəsi" mövzusunda canlı mühazirəsi təşkil olunub. SİA-nın məlumatına görə, “Zoom” proqramı vasitəsilə keçirilmiş mühazirədə 70-ə yaxın sahə əməkdaşı, yəni mövcud olan kitabxanaların nümayəndələri, digər gənc mədəniyyət işçiləri, mədəniyyət könüllüləri iştirak ediblər.

Qeyd edək ki, mərkəz karantin rejiminin tələblərini nəzərə alaraq, regionlarda çalışan mədəniyyət işçiləri üçün mədəni konsaltinq xidmətlərini təqdim etməyə davam edir. Buraya müxtəlif ixtisaslar üzrə təlimlər, metodiki vəsaitlərin müzakirələri, ixtisasartırma təlimləri, fərqli təyinatlı təqdimatlar və açıq mühazirələr də daxildir.

Mühazirədə A.Usubəliyev kitabxanaların postpandemiya dövründəki fəaliyyətində yeni yanaşmalar, müasir forma və üsullardan istifadə yolları, onların sosial populyarlığı, əməkdaşların peşəkarlığı, kitabxanaların tarixi, fəlsəfəsi və digər önəmli mövzulara toxunub. O, sahə üzrə kadrların hazırlanmasında maarifləndirmənin əhəmiyyətindən danışaraq, mövcud problemlərin həllində müəssisələrin birgə əməkdaşlığının qurulmasının vacibliyini vurğulayıb. Mərkəz olaraq hər zaman təşəbbüsləri dəstəklədiyini, kitabxanalar arasında təcrübə mübadiləsinin aparılmasının zəruriliyini bildirib, onların fəaliyyətində müasir dövrün tələblərini diqqətdə saxlamağı və ona uyğunlaşmanın zəruri olduğunu qeyd edib, gənc kadrların cəlb edilməsinin vacibliyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Mühazirə zamanı kitabxanalara dair Qərb və Şərq modellərinin müqayisəsini aparan A.Usubəliyev Azərbaycanda tətbiq oluna biləcək kitabxana konsepsiyaları barəsində də öz mülahizələrini təqdim edib. Belə ki, kitabxanalarda göstərilə biləcək mədəni xidmətlər və əməkdaşlarda yeni kreativ məzmunlu peşə təfəkkürünün formalaşmasına xüsusi diqqət ayırmış məruzəçi mövcud istiqamətdə elmi yeniliklərdən istifadənin zəruriliyini qeyd edib.

Müzakirə olunan mövzular çərçivəsində konkret layihələr və onların reallaşma imkanları da araşdırılıb. Kitabxanaların cəmiyyətdə populyarlığının artırılması məqsədilə onların sosial imicinin artırılmasına xidmət edəcək virtual layihələrin reallaşması da müzakirə olunub.

Müasir kreativ və rəqəmsal metodlardan istifadənin və qabaqcıl təcrübənin mənimsənilməsinin vacibliyini bildirən mühazirə dinləyiciləri kitabxanaların xüsusilə gənclər arasında populyarlığının artırılması məqsədilə potensialların səfərbər olmasının vacibliyini bildiriblər.