“Pandemiya dövründə göstərdiyimiz bütün səylər insanları necə xilas etmək, onların sağlamlığını, həyatlarını necə qorumaq məqsədi daşıyıb. Azərbaycanın vaxtında gördüyü tədbirlər sayəsində biz minimum itki vermişik”.
SİA xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Asiya İnkişaf Bankının prezidenti Masatsuqu Asakava, vitse-prezidenti Şiksin Çen və bankın rəhbərliyinin digər nümayəndələri arasında keçirilmiş videokonfrans zamanı bildirib.
Dövlər başçısı deyib ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının bəyanatları da göstərir. Belə ki, ÜST-ün bəyanatlarına əsasən, Azərbaycan pandemiya ilə mübarizədə nümunə hesab olunur: “Biz, həmçinin böyük həcmdə vəsait ayırmışıq. İqtisadiyyatın pandemiyadan zərər çəkən sektorlarını dəstəkləmək, eləcə də işsizliyi, işini itirmiş insanları, aztəminatlı insanları və hətta qeyri-formal məşğulluğa cəlb olunmuş insanları dəstəkləmək üçün 2 milyard avrodan çox vəsait ayırmışıq.
Mən bilirəm ki, çox ölkələr, eşitdiyimə görə, 150-dən çox ölkə maliyyə dəstəyi üçün artıq beynəlxalq maliyyə institutlarına müraciət edib. Azərbaycan onların arasında deyil. Bilirsiniz ki, biz üzərimizə düşən işi layiqincə yerinə yetiririk və bizim xərclərimiz daim mənfəətimizdən aşağı olub. Mən deyərdim ki, ehtiyatları qorumaq və artırmaq bizim başlıca iqtisadi hədəfimiz olub”.