İran və ABŞ arasında gərginlik artdı: "Biz tabe olmuruk"

1 İyun 2020 15:39 (UTC+04:00)

İran Venesuelanın tələb göndərəcəyi təqdirdə bu ölkəni neft ilə tədarük edəcəyini açıqlayıb. SİA xəbər verir ki, İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Abbas Müsəvi Venesuelaya göndərilən beş neft tankeri ilə bağlı açıqlama verib.

İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi paytaxt Tehranda təşkil edilən mətbuat konfransında İran və Venesuelanın sanksiyalara tabe olmadığını bildirib: "İran üçün bu qanuni bir ticarətdir. İran və Venesuelanın sərbəst ticarət etmək hüququ var. İran uzaq məsafədən belə öz hüquqlarını qoruya biləcəyini göstərdi. Əgər Venesuela hökuməti yenidən neft tədarük tələb etsə bu tərəfimizdən qarşılanacaq" - deyə, Abbas Musəvi bildirib.

Qeyd edək ki, dünyanın ən böyük neft ehtiyatlarına sahib ölkələrindən biri olan Venesuela sanksiyalar və iqtisadi böhran səbəbindən neft emalı zavodlarını səmərəli işlədə bilmir. ABŞ-ın ağır sanksiyalar tətbiq etdiyi İran isə istehsal etdiyi nefti satmaqda çətinlik çəkir.

ABŞ administrasiyası isə İranın göndərdiyi yanacaq tankerləri ilə əlaqədar tədbirlərin görüləcəyini açıqlayıb.