AQTA qida məhsulları idxal edən sahibkarlara müraciət etdi

1 İyun 2020 15:00 (UTC+04:00)

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida məhsulları idxal edən sahibkarlıq subyektlərinə müraciət edib. Agentlikdən SİA-ya verilən məlumata görə, AQTA tərəfindən idxal olunan yeyinti məhsullarına, qablaşdırma materiallarına və qida ilə təmasda olan məhsullara qida təhlükəsizliyi sertifikatının verilməsi 1 iyun 2020-ci il tarixindən yalnız Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) vasitəsilə qəbul ediləcək.

Artıq Agentlik bununla bağlı əksər sahibkarlıq subyektləri ilə videotəlimlər keçirib. Eyni zamanda videotəlimlərdə iştirak etməyən sahibkarlıq subyektlərinə həmin təlimlərin videoyazısı elektron formada göndərilib.

Qeyd edək ki, sahibkarlıq subyektləri birbaşa iş yerlərindən AQTİS vasitəsilə Agentliyə müraciət edərək qida təhlükəsizliyi sertifikatlarını şəxsi kabinetlərindən elektron qaydada əldə edəcəklər.