“Onlayn media üçün konkret statusun müəyyən edilməsi müsbət və vacib addımdır" ÖZƏL-MÖVQE

1 İyun 2020 14:12 (UTC+04:00)

“Onlayn media üçün konkret statusun müəyyən edilməsi müsbət və vacib addımdır. Lakin bununla belə, bu gün onlayn medianın statusunun olmaması mövcud saytların fəaliyyətinə və auditoriyasına hər hansı təsir göstərmir”. Bunu SİA-ya Jurnalist Araşdırmalar Mərkəzinin rəhbəri Seymur Verdizadə deyib.

Mərkəz rəhbərinin sözlərinə görə, onlayn medianın statusunun olmamasından qaynaqlanan əsas problem saytların dövlət maliyyələşməsindən kənar qalmalarıdır: “Bu məsələ dəfələrlə gündəmə gətirilsə də, onun müsbət həlli hələ ki gecikir. Ümid edək ki, qarşıdakı dövrdə saytlar çap mediası kimi dövlətdən maliyyə dəstəyi ala biləcəklər. Hesab edirəm ki, onlayn media üçün hüquqi statusun müəyyənləşməsi zamanı məhdudlaşdırıcı müddəaların qəbulundan yayınmaq lazımdır. Əks halda, saytların fəaliyyətində indi müşahidə olunan dinamizm və effektivlik ciddi şəkildə azalacaq. Çalışmaq lazımdır ki, bu məsələnin tənzimlənməsi onlayn medianın fəaliyyətini tormozlamasın, əksinə, təkan versin”.