Əmlak bazarında vəziyyət: Qiymətlər ucuzlaşıb? ÖZƏL - AÇIQLAMA

1 İyun 2020 13:54 (UTC+04:00)

"Rayon və şəhərlər arasındakı əlaqələrin məhdudlaşması, ali təhsil müəssisələrinin distand təhsil sisteminə keçməsi nəticə etibarilə kirayə mənzillərə də tələbin azalmasına gətirib çıxardı". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü olan deputatı Vüqar Bayramov pandemiyanın əmlak sektorunda yaratdığı durğunluqdan və əmlak bazarındakı qiymətlərdən danışarkən deyib.

Onun sözlərinə görə, pandemiyanın ən çox təsir etdiyi sektorlardan biri də, məhz, əmlak bazarıdır və nəzərə alsaq ki, həm qlobal, həm də milli səviyyədə pandemiya əmlak bazarına ciddi təsir göstərib: "Əmlak bazarında aktivliyin azalması müşahidə olunur. Həm daşınmaz əmlakın satışında, həm də kirayə bazarında biz aktivliyin azalmasını müşahidə etmişik. Bu da təbii ki, pandemiyanın təsirləri ilə bağlıdır. Pandemiya dövründə insanlar əmlak bazarına sərmayə qoyuluşunda böyük marağa sahib olmadılar. Digər tərəfdən də xüsusilə rayon və şəhərlər arasındakı əlaqənin məhdudlaşması, ali təhsil müəssisələrinin distand təhsil sisteminə keçməsi nəticə etibarilə kirayə mənzillərə də tələbin azalmasına gətirib çıxardı. Sözsüz ki, post-pandemiya dövründə yerli daşınmaz əmlak bazarında biz aktivliyin artacağını proqnozlaşdırırıq. Xüsusilə də, əgər sentyabr ayından etibarən post-pandemiyanın təsirləri minimumlaşarsa, yeni təhsil ilində onlayn təhsildən oflayn təhsil sisteminə keçid bərpa olunarsa, bu da mənzil bazarında tələbin artmasına gətirib çıxaracaq".

Millət vəkili vurğulayıb ki, bütün bunlara baxmayaraq daşınmaz əmlak bazarında tələbin azalması müşahidə olunsa da, amma, hələlik qiymətlərdə hiss edilən dərəcədə azalmalar müşahidə olunmur: "Çünki təklif də əslində hələlik stabildir. Nəticə etibarilə bu da qiymətlərdə kəskin azalmalarla müşahidə edilmir. Amma yenidən, pandemiyadan sonra, post-pandemiya dövründə əmlak bazarında qiymətlərin stabilləşməsi müşahidə edilə bilər".

Vüqar Bayramov əlavə edib ki, əmlak bazarı iqtisadiyyat üçün vacib sektorlardan biridir, çünki, bu sektor digər fəaliyyət sahələrinə də birbaşa təsir göstərir: "Bu eyni zamanda inşaat sektoruna da təsir göstərir. Ona görə də təbii ki, post-pandemiya dövründə xüsusilə də, nəzərə alsaq ki, ipoteka kreditlərinə ayrılan vəsaitlərin həcmində də artımlar olacaq, bu dövrdə iqtisadi paketin əsas hədəflərindən biri də əmlak bazarıdır, bütövlükdə isə inşaat sektorunda aktivliyin artırılmasına nail olmaqdan ibarət olacaq".