“Təbəssüm heç zaman uşaqların çöhrəsindən əskik olmasın!” FOTOLAR

1 İyun 2020 13:41 (UTC+04:00)

“Bizim xalq olaraq ən böyük mental dəyərlərimizdən biri uşaqlara qayğı ilə yanaşmaq, onların etiyaclarını qarşılamağa çalışmaqdır”. Bu fikirləri SİA-ya Gənc sahibkar, xeyriyyəçi, ictimai fəal Vüsal Nərimanov 1 İyun Uşaq Hüquqlarının Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə bildirib.

Onun sözlərinə görə, hər bir valideynin arzusu övladının sağlam, təhsilli, zəngin dünyagörüşlü şəxs olaraq cəmiyyətdə özünə layiqli yer tutmasıdır: “Ancaq, bunu arzu etməklə kifayətlənmək də olmaz. Bu arzunu reallığa çevirmək üçün, gərək valideyn öz vəzifəsini anlasın və yöndə bütün fədakarlıqlara hazır olsun. Arzunu vəzifəyə çevirdikdə, əməli nəticəni görmək mümkün olur. O halda insan öz övladı ilə qürur duya bilir. Eyni zamanda hər bir valideyn övladını vətənpərvərlik hissləri ilə böyütməlidir. Əsasən də, oğlan övladını. Çünki, bu günün oğlan uşağı gələcəkdə bu dövlətin əsgəri olacaq, Vətənin səngərində dayanacaq. Böyük şairimiz Məmməd Araz demiş: "Vətən daşı olmayandan, olmaz ölkə vətəndaşı".

“Biz övladlarımızı ölkəmiz üçün əsl vətəndaş kimi yetişdirməliyik. Mən hesab edirəm ki, Azərbaycan valideynlərinin böyük əksəriyyəti övladlarının xöşbəxt gələcəkləri üçün bütün fədakarlıqlara sinə gəlməyi bacaran insanlardır”, deyən gənc iş adamı həmçinin bildirib ki, o heç zaman tək öz övladlarımın qayğılarını düşünməyib: “Həmçinin valideyn himayəsindən kənarda qalan uşaqların və şəhid ailələrində böyüyən uşaq və yeniyetmələrin də normal təhsil almaları, sağlamlıqları üçün əlimdən gələn köməklikləri əsrgəməmişəm. Uşaq evlərinin sakinləri ilə hər dəfə görüşəndə, onlara nə isə bir yardımım toxunanda mən özümü çox rahat və xoşbəxt hiss edirəm. Hesab edirəm ki, dövlətimizin qayğı və diqqəti ilə yanaşı imkanı olan hər bir kəs bu yönümdə fəaliyyət göstərməlidir. Bu, hər birimizin vətəndaşlıq borcudur, eyni zamanda, övladlarımız üçün bir nümunədir. Belə bir gündə, Azərbaycan uşaqlarının simasında bütün bəşəriyyətdə böyüyən uşaqları təbrik edir, onlara firavan həyat, sağlam gələcək və qayğısız yaşam arzu edirəm. Təbəssüm heç zaman uşaqların çöhrəsindən əskik olmasın!".