Əgər cəriməni ödəməkdən imtina etsəniz, bunu bilməlisiniz! ÖZƏL - AÇIQLAMA

1 İyun 2020 13:17 (UTC+04:00)

"Əgər şəxs cəriməni ödəməkdən imtina edirsə, o məhkəmədə bunu mübahisələndirməlidir. Yalnız bundan sonra məsələ məhkəmənin qərarı ilə tənzimlənə bilər". Bu sözləri SİA-ya açıqlamasında Bakı Dövlət Universitetinin Hüquq üzrə elmlər doktoru, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, "Sosial Hüquqların Araşdırılması" İctimai Birliyinin sədri Mayis Əliyev maskalardan istifadə etməyə görə İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən, maskadan istifadə etmədiyi halda cəriməni ödəməkdən imtina edən şəxslərin nə ilə üzləşəcəyindən danışarkən deyib.

Onun sözlərinə görə, əgər qərar çıxardılıbsa, inzibati qaydada protokol tərtib edilibsə, cərimənin ödənilməsi artıq icraya bağlı olan məsələdir:

"Məhkəmə yaxud qanunu icra edən qurumlar var. Qərarların icraçısı göndəriləcək həmin qurumlara və artıq təminatı onlar həyata keçirəcək. Əgər şəxs cəriməni ödəməkdən imtina edirsə, o məhkəmədə bunu mübahisələndirməlidir. Yalnız bundan sonra məsələ məhkəmənin qərarı ilə tənzimlənə bilər. Başqa bir hal yoxdur. Əgər şəxs barəsində inzibati protokol tərtib edilibsə və o karantin rejiminin qaydalarını pozubsa, bunu yalnız məhkəmə qaydası ilə mübahisələndirməlidir".

Hüquqşünas vurğulayıb ki, İnzibati Xətalar Məcəlləsinə görə müəyyən olunmuş yerlərdə tibbi maskalardan istifadə etmədikdə, əgər onlar barəsində inzibati qaydada protokol tərtib edilərsə, onlar törətmiş olduğu inzibati xətaya görə cavab verməlidirlər:

"QHT rəhbəri kimi biz, liderlər olaraq bu qaydalara riayət olunmasını təbliğ edirik. Son dövrlər yoluxanların sayı artıb və bu dinamikanın qarşısını almaqdan ötrü ən yaxşı məsələlərdən biri Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyələrinə riayət etməli və sosial izolyasiya, gigiyenik qaydalara riayət etmək, sosial məsəfani saxlamaq və fərdi mühafizə vasitələrindən istifadə etməkdir".

Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər müzakirə edilib. Məcəlləyə edilən dəyişikliyə əsasən, karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşib.

Məcəlləyə dəyişiklik layihəsi I oxunuşda qəbul edilib.