ABŞ rəhbərliyi dərin düşünməli və nəticə çıxarmalıdır - ŞƏRH ÖZƏL

1 İyun 2020 11:28 (UTC+04:00)

“Aydın məsələdir ki, ABŞ-da baş verən ixtişaşları yatıracaqlar. Bir çox insan həlak olacaq, bir çoxu həbs olunacaq, Milli Qvardiya öz sözünü deyəcək, ölkədə güc strukturları onlara qarşı çox sərt addımlar atacaq. Lakin bütün bunlara baxmayaraq ABŞ-dakı bu qarşıdurmalar çox dərin izlər buraxacaq”. Bunu SİA-ya açıqlamasında politoloq Fikrət Sadıqov deyib.

Onun sözlərinə görə, əvvəla bunu yaddan çıxarmaq olmaz ki, ABŞ-da irqi ayrıseçkiliklə bağlı polis zorakılığı birinci dəfə deyil: “Amerikanın 40 şəhərində artıq üsyanlar baş verir. Qaradərili insanlar öz hüquqlarını tələb edərək hakimiyyətə qarşı çıxışlar edirlər. Vaşinqtonda Ağ Evin qarşısında əhali yığışıb müxtəlif şuarlarla hökumətdən ədalət tələb edirlər. Tramp özü hansısa bunkerdə gizlədilib və Ağ Evdə çalışanlara tapşırılıb ki, işə gəlməsinlər. Bu faktiki olaraq fövqəladə vəziyyətdir”.

F.Sadıqov vurğulayıb ki, bu cür fövqəladə vəziyyətin səbəbləri məhz elə onların özündə-güc strukturlarında, polislərindədir: “Çünki bu vəhşilik gec-tez belə nəticələnməli idi. Qaradərili insanlar bu cür hallar çox dözüb, göz yumub, lakin bütün bunlara əbədi olaraq göz yummaq mümkün deyildi. Burada bir məsələ də var. Əlbəttə bu ixtişaşlar yatırılsa da belə, bu seçkiqabağı kompaniyaya təsir edəcək. Bir tərəfdən pandemiya, digər tərəfdən ölkədə belə bir narazılıq, həbs olunanlar, ölənlər, yaralananlar və.s seçki kompaniyalarına təsirsiz ötüşə bilməz. Düşünürəm ki, bütün bunlar Trampın reytinqlərinə də böyük mənfi təsir göstərəcək. Biz bu gün bu reallıqları müşahidə edirik və bütün bunların fonunda deyə bilərəm ki, hər halda ABŞ rəhbərliyi bu məsələləri dərin düşünməli və müəyyən nəticə çıxarmalıdır”.