“Anlaqsız adama nəsə deməyin mənası yoxdur” Sülhəddin Əkbər

1 İyun 2020 11:13 (UTC+04:00)

"Bu adam hələ bu gün də anlamır ki, hansı prosesdə iştirak edibdir və bu proses Azərbaycanda nəyə başa gəlibdir". SİA xəbər verir ki, bu barədə Azad Demokratlar Partiyasının (AzDP) sədri, AXC-Müsavat hakimiyyəti zamanı Milli Təhlükəsizlik Nazirinin birinci müavini vəzifəsini daşımış Sülhəddin Əkbər 1993-cü ilin 4 iyun tarixində Gəncə hadisələri ilə bağlı Surət Hüseynovun sosial şəbəkələrdə verdiyi müsahibələrində öz prizmasından çıxış etməsinə münasibətini açıqlayarkən deyib.

AzDP sədrinin verdiyi müsahibədəki sözlərinə görə, Surət Hüseynov özü danışdığını anlamır və əslində onun üzərində qan var. "Onlarla günahsız Azərbaycan oğlunun orada qanı tökülüb, onlar avtobusda güllələniblər, hər şeyi bir qırağa qoyaq, heç olmasa, bunu belə anlamır", deyən sabiq nazir müavini belə olan halda Surət Hüseynovla polemikaya girib mövzu ətrafında müzakirə, bəhs aparmağın doğru olmadığını da bildirib: "Ona görə də anlaqsız adama nəsə deməyin bir mənasının olduğunu düşünmürəm. Yəni, o, hələ də anlamır ki, nə baş verib və nədə iştirak edib".

Sülhəddin Əkbər Surət Hüseynovun bilmədiyini danışdığını və daha yaxşı olardı ki, susub-danışmamağını tövsiyə edib.