Çəyirtkə istilasının ikinci dalğası gözlənilir

31 May 2020 16:11 (UTC+04:00)

Bu ilin ilk aylarında Şərqi Afrika, Ərəbistan yarımadası və Körfəz ölkələrini cənginə alan çöl çəyirtkələri Pakistan, Hindistan və Rusiyaya doğru irəliləyişini davam etdirir. SİA-nın məlumatına görə, Şərqi Afrika və Afrika Buynuzu ölkələrində rast gəlinən, 20 milyon insanın qidasına zərər vuran çəyirtkə sürülərinin iyunda qitəyə ikinci dəfə hücumu gözlənilir.

Pakistan Milli Fövqəladə Halların İdarəsi Agentliyi Bəlucistan, Xeybər Pahtunhva, Pəncab və Sind əyalətlərindəki 61 bölgənin çəyirtkə istilasına məruz qaldığını bildirib. Hindistanda son 27 ildə qeydə alınan ən böyük çəyirtkə istilası 8 əyalətə sıçrayıb. Sadəcə Racastanda 90 min hektarlıq kənd təsərrüfatı ərazisi zərər görüb. Rusiya Kənd Təsərrüfatı Nazirliyi Stavropolun və Dağıstanın çəyirtkə sürülərindən zərər gördüyünü açıqlayıb.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının mütəxəssisi Keyt Kressman açıqlamasında bildirib ki, ikinci dalğa daha güclü və uzun olacaq.