"Hazırlıq kurslarının fəaliyyətinə icazə verilməlidir" ÖZƏL - AÇIQLAMA

31 May 2020 15:43 (UTC+04:00)

"Məhdud şəraitdə sanitar-gigiyenik qaydalara riayət etməklə hazırlıq kurslarının fəaliyyətinin bərpası həyata keçirilməlidir. Ən azından burada çalışan şəxslərin gəlirlərinin normal qaydaya düşməsi üçün bu vacibdir". Bu sözləri SİA-ya açıqlamasında təhsil məsələləri üzrə ekspert Kamran Əsədov hazırlıq kurslarının fəaliyyətinin bərpa olunmaması ilə bağlı danışarkən deyib.

Ekspert bildirib ki, mart ayının 3-dən etibarən ölkənin bütün ümumi orta təhsil müəssisələrində tədris prosesi dayanıb və bu, bilavasitə 9-11-ci sinif şagirdlərinə, bu il buraxılış və qəbul imtahanları verəcək şəxslərə müəyyən çətinliklər yaradır:

"Buna baxmayaraq təkcə ümumi orta təhsil müəssisələrində deyil, eyni zamanda hazırlıq kurslarında da repetitorların da fəaliyyətinin dayandırılması ali təhsil müəssisələrinə hazırlaşan, buraxılış imtahanları verəcək şəxslərin imtahan nəticələrinə müəyyən təsirini göstərəcək. Burada müəyyən anlaşılmazlıq olan bir neçə məqam var. Mart ayının 3-dən etibarən ölkədə ciddi karantin rejimi elan edildi. Lakin, aprel ayının 27-dən etibarən yumşalmalar tətbiq edilməyə başlandı. Artıq ölkədə restoran, kafe, ictimai iaşə obyektləri, iri ticarət mərkəzləri, satış obyektləri fəaliyyətini bərpa etdi. Bunların fonunda hazırlıq kurslarının, repetitor mərkəzlərinin fəaliyyətinin bərpa edilməməsi bir qədər anlaşılan deyil. Nəzərə alsaq ki, hazırda ölkədə 500-dən çox hazırlıq kursları fəaliyyət göstərir və burada 12 mindən çox müəllim çalışır. Bu o deməkdir ki, həmin şəxslərin aylıq gəlirləri də aşağı düşüb. Eyni zamanda bu, həmin müəssisələrin dövlətə vergi ödəməsinin də məhdudlaşmasına gətirib çıxaracaq. Hesab edirəm ki, məhdud şəraitdə sanitar-gigiyenik qaydalara riayət etməklə həmin müəssisələrin fəaliyyətinin bərpası həyata keçirilməlidir. Ən azından burada çalışan şəxslərin gəlirlərinin normal qaydaya düşməsi üçün bu vacibdir. Eyni zamanda dövlət büdcəsinin gəlirliliyinin təmin edilməsi üçün bu həyata keçirilməlidir".

Kursların fəaliyyətinin bərpa olunmamasının səbəbi haqda da danışan Kamran Əsədovun sözlərinə görə, təəssüf ki, bəzi kurslar hələ də sanitar-gigiyenik qaydalara riayət etmirlər və bir çoxlarının maddi-texniki bazasının olmaması bu qərarın qüvvəyə minməsinə, yəni, onların fəaliyyətinin başlanılmasına müəyyən qədər çətinliklər yaradır:

"Misal üçün, əgər biz bu gün kafe və restoranlarda xüsusi şəraitin qurulduğunu görə biliriksə, hazırlıq kurslarının məkanı, tədris aparılan ərazilər məhdud olduğu üçün həmin ərazilərdə sanitar-gigiyenik avadanlıqlarının və resurslarının quraşdırılması yaxşı səviyyədə həyata keçirilmir. Bütün hallarda isə mütləq şəkildə repetitorların, hazırlıq kurslarının fəaliyyətinə icazə verilməlidir. Artıq may ayının sonudur və iyun ayının əvvəlindən başlayaraq şagirdlər buraxılış imtahanları verəcəklər, eyni zamanda, iyun ayının 5-dən etibarən ölkədə Respublika Fənn Olimpiyadalarının final mərhələsi keçiriləcək. Onların hər biri də şagirdlərin aktiv şəkildə hərəkətini özündə əks etdirən fəaliyyət növləridir. Ümumiyyətlə isə bu gələcəkdə bu özəl sektorun fəaliyyətinə təsir göstərəcək. Bu istiqamətdə çox ciddi addımlar atılmalıdır".