"Ölkəmizin ərazi bütövlüyünü təmin edəcəyik" RƏY-ÖZƏL

31 May 2020 09:49 (UTC+04:00)

“Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır və bunun alternativi yoxdur. Təbii ki, münaqişənin sülh yolu ilə həll olunmasının müzakirə mövzusu mərhələli şəkildə torpaqlarımızın işğaldan azad olunmasıdır. Danışıqlar masası üstündəki müzakirələr də bu variantın üzərində aparılır”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

O bildirib ki, erməni rəhbərliyinin öz xalqından həqiqəti gizlətməsi və yalanlarla dolu yanlış yola çəkməsi təəssüfedicidir: “Azərbaycan isə güclü ordu yaradıb və beynəlxalq dəstək bizim tərəfimizdədir. Azərbaycan öz ordusunun gücünü Cocuq Mərcanlı və Naxçıvan əməliyyatlarında göstərmişdir. Sadəcə biz daha güclü olmalıyıq, geosiyasi vəziyyəti nəzərə almaqla ölkəmizin suverinliyini təmin edəcəyik. Prezidentin də qeyd etdiyi kimi Qarabağ Azərbaycandır və nida işarəsi”.

A.Badamov söyləyib ki, bütün bunlara baxmayaraq, dövlətimiz məcburi qaçqın və köçkünlərin sosial problemlərinin həlli və mənzillərlə təmin edilməsi prosesini davam etdirir: “Tikilib istifadəyə verilən 100-dən çox qəsəbə də bunun əyani təzahürüdür: “Ölkəmizin gücü torpaqlarımız işğaldan azad olunduqdan sonra oralarda da müasir infrastrukturlu yeni yaşayış məntəqələrini inşa etməyə imkan verəcək. Bu reallıqdır və ölkə başçımızın rəhbərliyi altında bütün problemlərinin həllinə nail olacağıq”.