Respublika Günündə milli bayrağımız Vaşinqtonda ucaldıldı FOTO

29 May 2020 10:55 (UTC+04:00)

Azərbaycan Demokratik Respublikasının yaranmasının 102-ci ildönümü münasibətilə ABŞ-Azərbaycan Ticarət Palatasının Vaşinqtonun tarixi Corctaun ərazisində yerləşən inzibati binası üzərindən Azərbaycan və Birləşmiş Ştatların böyük ölçülərdə olan dövlət bayraqları asılıb. Azərbaycanın ABŞ-dakı Səfirliyindən SİA-ya verilən məlumata görə, bayraqların iki ay müddətində palatanın binasının üzərində saxlanılması planlaşdırılır.

Palatanın təşkilatçılığı ilə keçirilmiş tədbirdə Azərbaycannın ABŞ-dakı səfiri Elin Süleymanov, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Robert Sekuta, Azərbaycan Səfirliyinin əməkdaşları, eləcə də bir sıra media mənsubları iştirak edib.

Tədbiri açan palatanın icraçı direktoru Natiq Baxışov Respublika Gününün Azərbaycan üçün tarixi önəmindən danışıb və qlobal pandemiya səbəbindən mövcud karantin rejiminin tələbləri nəzərə alınaraq, builki Respublika Günü geniş tərkibdə təşkil edilmədiyini bildirib.

Daha sonra ABŞ-ın ölkəmizdəki sabiq səfiri Robert Sekuta Azərbaycan xalqını bu əlamətdar gün münasibətilə təbrik edib. R.Sekuta Azərbaycandakı fəaliyyət dövrü və yaşadığı günləri xatırlayaraq Azərbaycanın böyük bir yol keçməsini bildirib, ölkəmizin inkişafının şahidi olduğunu qeyd edib. Müstəqil və sürətlə inkişaf edən Azərbaycanın Respublika Günündə Vaşinqtonda ölkəmizin bayrağının ucaldılmasının əhəmiyyətini vurğulayıb.

Səfir E.Süleymanov Azərbaycan Respublikasının Milli bayramı - Respublika Gününün Vaşinqtonda hər il 1000-ə yaxın qonağın iştirakı ilə təntənəli şəkildə qeyd edildiyini vurğulayıb, cari ildə isə dünyada cərəyan edən koronavirus pandemiyası səbəbindən belə bir tədbirin təşkilinin mümkün olmadığını qeyd edib, bu xüsusda Ticarət Palatası tərəfindən keçirilən bu tədbirin Respublika Gününün Vaşinqtonda qeyd edilməsi üçün gözəl imkan yaratdığına görə minnətdarlığını bildirib.

Vaşinqtonda Azərbaycan bayrağının ucaldılmasının əhəmiyyətindən bəhs edən səfir, həmçinin şəhər meri tərəfindən ənənəvi olaraq hər il 28 may tarixinin Vaşinqtonda Azərbaycan Milli Günü elan edildiyini diqqətə çatdırıb. Səfir ABŞ-ın bir çox ştatlarının qubernatorları və şəhərlərinin merləri tərəfindən Respublika Günü ilə bağlı həmin ştat və şəhərlərdə Azərbaycan Milli Gününün elan edilməsinə dair bəyannamələrin verildiyini vurğulayıb. ABŞ Prezidenti Donald Trampın Respublika Günü ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərdiyini xatırladaraq, sözügedən məktubda ABŞ və Azərbaycan arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığa verilən dəyərdən bəhs edib. Həmçinin ABŞ Dövlət katibi Maykl Pompeonun Respublika günü ilə bağlı mətbuat açıqlaması verdiyini diqqətə çatdırıb. Səfir R.Sekutanın ölkəmizdə səfir olduğu dövrdə öz fəaliyyəti ilə iki ölkə arasındakı münasibətlərin güclənməsinə və əməkdaşlığın dərinləşməsinə verdiyi töhfəni vurğulayıb.

E.Süleymanov bünövrəsi 102 il öncə Azərbaycan Xalq Cümhuriyyətinin üzərində qurulmuş müstəqil Azərbaycan Respublikasının Prezident İlham Əliyevin rəhbərliyi altında hazırda regiounun inkişaf etmiş, aparıcı dövlətinə çevrildiyini qeyd edib. Hazırda fəxr mənbəyi olan ölkəmizin gələcəyinin xalqımızın əlində olduğunu deyən səfir bu müstəqilliyin qorunub saxlanmasında hər bir Azərbaycan vətəndaşının birliyinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, ABŞ-Azərbaycan Ticarət Palatası 1995-ci ildə iki ölkə arasında ticarət və biznes əlaqələrinin, eləcə də investisiyaların təşviqi məqsədilə təsis edilmiş ABŞ qeyri-hökumət təşkilatıdır. Palata iki ölkə xalqları arasında anlaşma və mədəni mübadilənin həyata keçirilməsi, eləcə də ABŞ-da yaşayan azərbaycanlı icmaya yönəlik layihələrin reallaşdırılması məqsədilə 2000-ci ildə Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzini təsis edib. Hazırda Mərkəzin Vaşinqtonda iki sərgi salonu fəaliyyət görtərir. Bu il ABŞ-Azərbaycan Ticarət Palatası 25 illik, Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzi isə 20 illik yubileyini qeyd edir.