Misirdə son sutka ərzində COVID-19 virusuna rekord sayda yoluxma qeydə alınıb

29 May 2020 08:15 (UTC+04:00)

Misirdə son sutka ərzində COVID-19 virusuna rekord sayda - 1127 yoluxma halı qeydə alınıb. Beləliklə, bu ölkədə yeni növ koronavirusa yoluxanların ümumi sayı 20 min 793 nəfərə çatıb.

SİA xəbər verir ki, Misirin Səhiyyə Nazirliyi mayın 28-də COVID-19 virusundan daha 29 pasiyentin həyatını itirdiyini, ölənlərin sayının isə 845 nəfərə çatdığını bildirib. Nazirliyin mətbuat katibi Xalid Meqahed əlavə edib ki, son sutka ərzində 154 koronavirus xəstəsi sağalıb, ümumilikdə isə ölkədə fəaliyyət göstərən 17 karantin xəstəxanasında 5 min 395 pasiyent tam müalicə olunub.

Misirin Baş Naziri Mustafa Mədbuli yeni növ koronavirusla mübarizə məsələsini Təbiblər Sindikatının üzvləri ilə müzakirə edib. O bildirib ki, COVID-19 virusundan həyatını itirən həkimlər şəhid hesab edilir və onların ailə üzvlərinə təzminat ödənilir.