Gürcüstan KİV-ləri 28 May-Respublika Günündən yazıb

28 May 2020 20:01 (UTC+04:00)

Gürcüstanın nüfuzlu newsday.ge, geotimes.com, kavkasia.net portallarında Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulmasının 102-ci ildönümü ilə əlaqədar gürcü, rus və ingilis dillərində materiallar dərc olunub.

Materiallar Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı və AZƏRTAC-la birgə əməkdaşlıq çərçivəsində yayımlanıb.

SİA "AZƏRTAC"a istinadən xəbər verir ki, materiallarda 28 May - Respublika Gününün tarixi, onun nəinki Azərbaycan, həm də bütün müsəlman Şərqi üçün ilk müstəqil respublika olaraq əvəzolunmaz rolu qeyd edilib.

Bildirilib ki, AXC-nin qurulması heç də asan olmayıb və o, bir çox çətin tarixi mərhələlərdən keçərək İslam dünyasına örnək təşkil edib. Məhz 1918-ci il mayın 28-də Tiflisdə elan olunan demokratik respublikanın müstəqillik deklarasiyası təsdiqlənib. Demokratik Cümhuriyyət uzun sürməsə də, var olduğu 23 ay ərzində çox şey edə bilib.

Məqalələrdə oxucunun diqqətinə çatdırılıb ki, Azərbaycan öz müstəqilliyini bir də 71 il sonra - 1991-ci il oktyabrın 18-də qaytara bilib və özünü 1918-ci ildəki Cümhuriyyətin xələfi elan edib. Müstəqilliyinin bərpasından sonra respublika bir çox çətinliklərlə qarşılaşıb və 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə uğurlu inkişaf yoluna qədəm qoyub.

Bu gün Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycan təkcə Cənubi Qafqazda deyil, dünyada da nüfuzlu bir dövlət mövqeyini möhkəmləndirib.