Fransa paytaxtında “28 il Qarabağsız” adlı onlayn konfrans təşkil olunub

28 May 2020 08:50 (UTC+04:00)

Parisdə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 102-ci ildönümü münasibətilə Lionda qeydiyyatdan keçmiş Azərbaycan-Fransa Dialoq Assosiasiyasının (ADFA) təşkilatçılığı ilə “28 il Qarabağsız” adlı vebinar (onlayn konfrans) təşkil olunub.

SİA xəbər verir ki, onlayn konfransa ADFA-nın prezidenti, Günel Səfərova moderatorluq edib.

Konfransda Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, deputat Tural Gəncəliyev, tarix elmləri üzrə doktor, tədqiqatçı Maksim Qoen və fransız rejissor Maksim Marduxayev iştirak ediblər.

Natiqlər Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, 1918-1920-ci illərdə Qafqazda baş vermiş siyasi hadisələrdən söz açıblar. Onlayn konfransda XX əsrin əvvəllərində Dağlıq Qarabağdakı erməni icması məsələsinə toxunulub. Həmçinin müasir dövrdə Azərbaycanda və Dağlıq Qarabağda vəziyyət, Dağlıq Qarabağın azərbaycanlı icmasının mövqeyindən danışılıb. Ölkəmizin münaqişəni sülh yolu ilə həllində maraqlı olduğu bildirilib.

Dağlıq Qarabağ münaqişəsindən söz açan natiqlər münaqişə ilə bağlı müxtəlif ölkələrin, eləcə də beynəlxalq təşkilatların mövqeyindən, onların münaqişənin həllinə dair qəbul etdikləri qətnamə və qərarlardan danışıblar. Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar fransız mətbuatının mövqeyinə də toxunulub, dinləyicilərin sualları cavablandırılıb.

Sonda beynəlxalq ictimai rəyin düzgün formalaşdırılmasına xidmət edən belə konfransların gələcəkdə də təşkil olunacağı vurğulanıb.