ABŞ "Boeing 737 MAX" təyyarələrinin istehsalını bərpa edib

28 May 2020 04:06 (UTC+04:00)

ABŞ-ın "Boeing" Aviatikinti Korporasiyası "Boeing 737 MAX" təyyarələrinin istehsalını bərpa edib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, təyyarələrin istehsalı Renton şəhərindəki (Vaşinqton ştatı) müəssisədə bərpa edilib. Hazırda istehsal həcmi azdır, çünki iş yerində əmək təhlükəsizliyinin və məhsulun keyfiyyətinin artırılması üçün əlavə tədbirlər görülüb.

Şirkət il ərzində "Boeing 737 MAX" təyyarələrinin istehsalını artıracağını qeyd edib.

Qeyd edək ki, "Boeing 737 MAX" təyyarələrinin istehsalı iki qəzadan sonra yanvar ayında dayandırılmışdı.

Xatırladaq ki, 2019-cu il martın 10-u Efiopiyada "Ethiopian Airlines" aviaşirkətinə məxsus "Boeing 737 MAX 8" təyyarəsi qəzaya uğramışdı və qəza nəticəsində 157 nəfər həlak olmuşdu.

2018-ci il 29 oktyabr tarixində "Lion Air" aviaşirkətinə məxsus "Boeing 737 MAX" təyyarəsinin qəzaya uğraması nəticəsində 189 nəfər həlak olmuşdu.