Məlum olduğu kimi, gələn aydan etibarən ölkədə fəaliyyət göstərən 3 mobil operatordan ikisi-Azercell Telekom və Bakcell kontur sistemindən manat sisteminə keçəcək. 3-cü mobil operator olan Azerfon isə yaranan gündən bu sistem üzrə fəaliyyət göstərir. Lakin hazırda hər kəsi maraqlandıran məsələ yeni sistemin necə fəaliyyət göstərməsidir ki, bu da sistem insanlar arasında böyük müzakirəyə səbəb olub. Bəziləri kontur sisteminin daha sərfəli olduğunu, bəziləri isə manat sisteminin daha şəffaf olacağını qeyd edirlər. Bəziləri isə ümumiyyətlə, yeni sistemlə bağlı məlumatsızdırlar. Biz də öz növbəmizdə bu və ya digər suallara cavab tapmaq, aydın olmayan tərəflərə aydınlıq gətirmək üçün SİA olaraq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Bakcell və Azercell Telekomla əlaqə saxladıq.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov:
- Bildiyiniz kimi, ölkəmizdə mobil telefon istifadəçilərinin sayı durmadan artır. Eyni zamanda, mobil telefon operatorları tərəfindən təqdim edilən paketlərdə konturların qiyməti fərqli olduğundan bəzən istifadəçilər öz xərclərini hesablamaqda çətinlik çəkirdilər. Əhalinin bu xidmətlərdən daha sərfəli şərtlərlə istifadə etməsinə şərait yaradılması, şəffaflığın artırılması, eyni zamanda, ölkəmizin beynəlxalq standartlara uyğun olması üçün kontur sisteminin manat sisteminə keçirilməsi ilə bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi belə bir qərar qəbul etdi.
Qərar qəbul edildikdən dərhal sonra nazirlik tərəfindən ölkəmizdə fəaliyyət göstərən mobil operatorlara müvafiq göstərişlər verildi. Hazırda operatorların verdikləri məlumatlara görə, artıq bu sistemə keçidlə bağlı şəbəkələrdə aparılan iş başa çatmaq üzrədir. Gələn aydan, yəni, maydan etibarən hər iki operator kontur sistemindən manat sisteminə keçməklə fəaliyyətlərini davam edəcəklər.
Nazirlik tərəfindən operatorlara sistemə keçidlə bağlı işlərini mayın 31-ə qədər başa çatdırılması ilə bağlı tapşırıq verilsə də onlar mayın ilk günlərində yeni sitemə keçəcəkləri ilə bağlı məlumat veriblər. Yeni sistem vasitəsilə dəqiqə hesabı manatla göstəriləcək. Hər kəs istifadə etdiyi və danışa biləcək dəqiqələrin sayını dəqiq biləcək. Məsələn, əgər əvvəl balansında 30 konturu olan mobil istifadəçi bu konturla nə qədər danışa biləcəyini bilmirdisə, artıq yeni sistemlə bu məsələ öz həllini tapacaq.
Bakcell mobil operatorunun mətbuat xidməti:
- Azərbaycanda ilk mobil operator olan "Baksell Ltd" MMC Cin abunəçilərinin nəzərinə çatdırır ki, 5 may 2011-ci il tarixdən etibarən danışıqlar üçün istifadə olunan kontur tarif sistemi manat sistemi ilə əvəz olunacaq. Yeni sistemə keçidlə əvvəlki tarif planlarında və xidmətlərdə heç bir dəyişiklik etməyəcək, sadəcə kontur qiymətləri manat ekvivalenti ilə əvəz olunacaq.
Abunəçilər balanslarında qalan konturları qurtaranadək istifadə edə biləcəklər. Balansdakı konturlar qurtardıqdan sonra danışıq hesablamaları manatla aparılacaq. Abunəçilər öz balanslarını pul vahidi ilə artırmaq üçün əvvəlki qaydada danışıq kartlarından istifadə edəcəklər. Hazırda bütün danışıq kartlarının üzərində qiymətlər manatla göstərilir və bu dəyişilməyəcək.
Kontur sistemində olduğu kimi abunəçilər hər bir zəng və SMS-dən sonra öz balansları barədə məlumat alacaqlar.
Abunəçilərə əvvəlki qaydada kampaniyalar çərçivəsində aylıq bonusların verilməsi davam edəcək. Kontur bonusları aşağıdakı qaydada manat dəyəri ilə əvəz olunacaq:
SevimliCin abunəçilərinə verilən 1000 kontur 2 AZN-ə bərabər olacaq;
SevinCin abunəçilərinə verilən 500 kontur 1 AZN-ə bərabər olacaq;
QoşaCin abunəçilərinə verilən 120 kontur 25 qəpiyə bərabər olacaq, bu da QoşaCin tarif paketinə daxil olan cüt nömrələr arasında danışıq üçün 25 şəbəkədaxili danışıq dəqiqəsi deməkdir.
Dəqiqə ilə göstərilən bonuslar, yəni, yeni Cin abunəçiləri və hazırda bonus alan Cin abunəçiləri üçün nəzərdə tutulan 25 şəbəkədaxili dəqiqə bonusu olduğu kimi qalacaq. Müxtəlif tarif paketlərinin manatla qiymətləri haqqında ətraflı məlumat konturdan manata keçid gününə qədər şirkətin www.bakcell.com rəsmi internet səhifəsində yerləşdiriləcək, eyni zamanda Bakcell Müştəri Xidmətləri Mərkəzləri, BakcellİM- lər və diller mağazalarında yayılacaq.
Azercell Telekom MMC-nin Korporativ ünsiyyət şöbəsinin rəhbəri Ülviyyə Həsənzadə:
- Fakturasız xətt (SimSim) abunəçiləri ilə bütün hesablaşmalar artıq manat-əsaslı olacaq. Yəni ki, bundan öncə istifadə olunan konturlarla hesablaşmalar manatla aparılacaq. Fakturalı xətt abunəçilərilə ilk gündən, yəni 1996-cı ildən etibarən hesablaşmalar manatla aparılır. Artıq bir ilə yaxın apardığımız texniki yeniliklər və dəyişiklərdən sonra bu sistemə keçid may ayının 1-dən etibarən nəzərdə tutulub. Balansın artırılması danışıq kartının üzərində qeyd olunan nominala uyğun olacaq. SimSim abonentlərinin balanslarında olan konturlar 1 kontur - 0.005 AZN nisbətilə manata çevriləcək. Tarif və dəyişikliklərlə əlaqədar məlumat aprelin 29-u açıqlanacaq.
Daim abunəçilərin istək və arzularını nəzərə alan və onların rahatlığını düşünən şirkət olaraq, Azercell Telekom manata keçiddən sonra da bütün xidmətlər, yəni SMS və MMS üzrə daha üstün və cəlbedici təkliflər təmin edəcək. Sevimli nömrələr arasında danışıq qiymətləri üzrə məlumat aprelin 29-u açıqlanacaq. Yeni tariflər açıqlandıqda artıq hər bir kart nominal üçün dəqiqələrin sayını rahat hesablamaq mümkün olacaq.
Tam rəqəmlərlə bağlı gözləmə mövqeyi tutmaqdan başqa yolumuz qalmır. İndiyə qədər konturlarınız bol olsun deyirdiksə, indi manatlarınız bol olsun deyəcəyik.