“The Jerusalem Post”-un məqaləsi radikal müxalifətin beynəlxalq müstəvidə iflasından xəbər verir - ŞƏRH ÖZƏL

27 May 2020 13:18 (UTC+04:00)

"Azərbaycanda radikal müxalifətin əslində sonuncu qruplaşması olan Milli Şura ilə əlaqədar həm ölkə daxilində baş verənlər, həm də beynəlxalq müstəvidə ortaya çıxan faktlar hər biri bu qurumdakı iflas həddindən və səviyyəsindən xəbər verir". Bunu SİA-ya açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru, politoloq Aydın Quliyev deyib.

Onun sözlərinəd hörə, biz Milli Şuranın indiyə qədər Azərbaycanın daxilindəki siyasi proseslərdə öz mövqeyini, nüfuzunu özlərinin istədikləri həddə çatdıra bilmədən iflasa düçar olduqlarından, cəmiyyətdə öz sosial bazasını, reytinqini tam şəkildə itirməsindən danışırdıq: "Artıq bu gün Beynəlxalq müstəvidə baş verən hadisələr göstərir ki, Milli Şura ölkənin daxilində özünün reytinqini, siyasi proseslərə təsir gücünü və sosial bazasını tamamilə itirdiyi kimi, eyni zamanda beynəlxalq müstəvidə də özünə tərəfdaşlar tapmaq, manevr imkanlarını genişləndirmək baxımından da iflasa düçar olub. Bu günlərdə İsrarilin nüfuzlu qəzetlərindən olan "The Jerusalem Post" da Azərbaycan Milli Şurasının daxilində baş verən proseslərlə bağlı yazılmış yazı dediklərimizə sübutdur".

Politoloq bildirib ki, dünya mətbuatında radikal Milli Şuranın daxilindəki bu video müzakirələrin məzmunu barədə gedən fikirlər əslində Azərbaycanın radikal müxalifətinin beynəlxalq müstəvidə də iflasının bariz nümunəsidir: "Bu o deməkdir ki, radikal müxalifət ölkə daxilində özünə sosial baza axtarışlarında nə qədər iflasa uğrayıbsa, dünya miqyasında özlərinə arxa tapmaq, müəyyən sövdələşmələrə getmək planlarının icrasında da çox böyük uğursuzluqlara düçar olublar".

A.Quliyev vurğulayıb ki, əslində indiyə qədər Milli Şuranın rəhbərliyi bu Şura haqqında deyilənlərdə, yazılanlarda özünün əsas siyasi opponenti olan partiyaları və hakimiyyəti məsul bilirdi: "Müəyyən hallarda hətta hakimiyyəti onlara qarşı qərəzli olmaqlada da suçlayırdılar. Amma bu gün həmin məlumatların artıq dünya miqyasında təhlil olunması və lazımı qiymətin verilməsi bir daha sübut edir ki, radikal müxalifətin arqumentləri də tamamilə tükənib. Bundan sonra İsrail mediasını da hər hansı bir qərəzdə suçlamağımız təbii ki, məntiqli olmayacaq. Bu o deməkdir ki, Milli Şuranın dövrü artıq keçib və Milli Şurada başlayan parçalanma prosesləri də bir daha göstərir ki, ölkənin daxilində sosial bazanın, nüfuzun tam şəkildə itirilməsinin davamı kimi beynəlxalq mediada Milli Şuraya qarşı yazılar peyda olur. Milli Şuranın daxilində gedən proseslərlə bağlı və eyni zamanda Milli Şurada da ard-arda və müəyyən qədər tanınmış simaların istefası başlayıb. Bu da Milli Şuranın sonu deməkdir".