“Muğam ustadları” layihəsi pedaqoq Nəriman Əliyevə həsr olunub FOTO

27 May 2020 09:15 (UTC+04:00)

Beynəlxalq Muğam Mərkəzindən "Bizi birləşdirən mədəniyyət” layihəsinin növbəti canlı efiri ömrünü muğam sənətinin tədrisinə həsr edən unudulmaz pedaqoq, Əməkdar müəllim Nəriman Əliyevin xatirəsinə həsr olunub. SİA-nın məlumatına görə, verilişdə ustad xanəndənin tələbələri - Xalq artistləri, ADMİU-nin Muğam kafedrasının müdiri Teyyub Aslanov, Gülyanaq Məmmədova, Əməkdar müəllim Qəzənfər Abbasov iştirak edib, bu il 90 illik yubileyi qeyd olunan müəllimləri ilə bağlı xatirələrini bölüşüblər.

Verilişdə Nəriman Əliyevin repertuarından muğam və təsniflər səsləndirilib. Xanəndələri Rövşən Qurbanov (tar), Ceyhun Muradov (kamança) və Amil Mustafayev (nağara) müşayiət edib.

Qeyd edək ki, “Bizi birləşdirən mədəniyyət” layihəsinin çəkilişləri həftəiçi canlı olaraq BMM-dən yayımlanır. Canlı yayımlar, eyni zamanda, BMM-nin facebook səhifəsindən də təqdim edilir. Konsertlərin anonsları əvvəlcədən BMM-nin sosial şəbəkələrində izləyicilərə təqdim olunur.