Masallı rayonunda abonent "Azərişıq" ASC-nin 3 əməkdaşını odlu silahla yaralayıb

26 May 2020 20:37 (UTC+04:00)

Masallı rayonunda abonent "Azərişıq" ASC-nin 3 əməkdaşını odlu silahla yaralayıb.

SİA xəbər verir ki, 1989-cu il təvəllüdlü Ayaz Mirzəbala oğlu Rəcəbov sol bazu sümüyünün odlu silahdan yaralanması, yumşaq toxumaların sıyrılması, 1990-cı il təvəllüdlü Orxan Mehman oğlu Baxşıyev isə sol əlin arxa səthinin odlu silahdan yaralanması diaqnozu ilə xəstəxanaya çatdırılıb.

Xəstəxanada lazımi tibbi yardım göstərilən A.Rəcəbov və O.Baxşıyev ambulator müalicə üçün evə buraxılıb.

Qeyd edək ki, insident zamanı daha bir nəfər - "Azərişıq" ASC-nin digər əməkdaşı, 1983-cü il təvəllüdlü Ramal Sudef oğlu Bağırov da ov tüfəngi ilə güllələnib. Hazırda onun müalicəsi Lənkəran Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir. Silahlı insidentin rayonun Yeddioymaq kəndində 1969-cu il təvəllüdlü Mansur Bəşir oğlu Şahmuradov tərəfindən törədildiyi məlum olub.

Hazırda araşdırmalar davam etdirilir.

TƏBİB-dən SİA-ya verilən açıqlamaya görə, Ramal Sudeif oğlu Bağırovun vəziyyəti stabildir:

"R.Bağırov körpücük sümüyündən güllə yarası alıb. Lənkəran Rayon Mərkəzi Xəstəxanasında əməliyyat olunub, hazırda vəziyyəti stabildir".