“The Jerusalem Post” Azərbaycan müxalifətindəki qalmaqaldan yazdı

26 May 2020 14:15 (UTC+04:00)

İsrailin aparıcı "The Jerusalem Post" qəzeti Azərbaycan müxalifətində yaşanan gey qalmaqalına məqalə həsr edib. SİA-nın məlumatına görə, nəşr bildirir ki, ötən həftə müxalif "Milli Şura"nın onlayn konfransının videogörüntüləri ictimaiyyətin diqqət mərkəzində olub. Bu konfrans zamanı "Milli Şura"nın üzvü Gültəkin Hacıbəyli cinsi azlıqların hüquqlarının qorunması ilə bağlı məsələlərin Qərb üçün çox vacib olduğunu qeyd edib. Sonra G.Hacıbəyli ABŞ-da fəaliyyət göstərən jurnalist İsmayıl Cəlilovun qeyri-ənənəvi cinsi oriyentasiyasını vurğulayaraq onu tənqid etməyə başlayıb.

"Milli Şura"nın digər üzvü Rafiq Manaflı söhbətə müdaxilə edərək İsmayıl Cəlilovu təhqir edib və onu “kişi fahişəsi” adlandırıb. Eyni zamanda, Rafiq Manaflı "Hitlerin bütün geyləri vaxtında məhv edə bilmədiyi üçün" təəssüfləndiyini bildirib.

Qəzet "Milli Şura" daxilində homofob əhval-ruhiyyənin yüksək səviyyədə olduğunu qeyd edib: “Bununla belə, Gültəkin Hacıbəyli dedikləri üçün üzr istəməli oldu. Rafiq Manaflı isə, öz növbəsində, üzr istəməkdən imtina etdi”.