"Qazandığımız uğurlara görə Sizə minnətdarıq" MƏKTUB

25 May 2020 14:19 (UTC+04:00)
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə vətəndaşlar tərəfindən təşəkkür və minnətdarlıq məktubları gəlməkdə davam edir. SİA sizə həmin məktubların bir qismini təqdim edir.

Möhtərəm cənab Prezident. Koronavirus pandemiyası səbəbindən dünyanın əksər ölkələri hazırda çətin günlər yaşayır. Əlbəttə ki, pandemiya Azərbaycana da təsirini göstərdi. Lakin bütün çətinliklərə baxmayaraq, Azərbaycan vətəndaşı heç bir ağırlıq hiss etmir. Bunlar Sizin mükəmməl siyasi və iqtisadi siyasətinizin uğurlarıdır. İşsiz kimi qeydiyyatda olan şəxslərə pandemiya dövründə vəsaitlərin verilməsi, eyni zamanda, xəstəliklə mübarizədə verdiyiniz qərarlar bir daha təsdiq etdi ki, Siz hər bir vətəndaşın Prezidentisiniz. İndi Azərbaycan vətəndaşı əmindir ki, bütün vəziyyətlərdə dövləti onun arxasındadır. Şəxsən öz adımdan, eyni zamanda, ailəmin adından bir daha Sizə minnətdarlığımı bildirirəm.

Hörmətlə, Nəbiyeva Esmira İslam qızı, Azərbaycan Dövlət Aqrar Universitetinin müəllimi. Azərbaycan Respublikası, Gəncə şəhəri.

Hörmətli cənab Prezident. Mən Füzuli rayonundan məcburi köçkünəm. Dövlətimizin bugünkü şəraitinə baxanda Sizə minnətdarlıq hissi duyuram. Bu səviyyəyə qədər qət etdiyimiz yollar gözümün önündən keçir. Azərbaycanın bu günü məni qane edir və gələcəyindən də arxayınam. Sizə inanıram. Nə yaxşı ki, varsınız.

Hörmətlə, Əliyeva Zülfiyyə. Azərbaycan Respublikası, Bakı şəhəri.

Möhtərəm cənab Prezident. Bir gənc olaraq, gördüklərim və müşahidələrim əsasında əminliklə deyə bilərəm ki, Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sayəsində biz koronavirusla mübarizədən qalib çıxacağıq. Vaxtında atılmış addımların, gördüyünüz qabaqcıl tədbirlərin, operativ şəkildə qəbul etdiyiniz düzgün qərarların xalqımızı bu vəziyyətdən az itkilərlə çıxaracağına zəmin yaradır. Hörmətli cənab Prezident, dünyanın özü boyda olan nüfuzunuza söykənərək, müdrik qətiyyətinizlə, vaxtında atdığınız addımlarla Azərbaycanın dünyada olan hörmətinə yüz qat artıq şöhrət gətirdiniz. "Biz birlikdə güclüyük!" devizi altında gördüyünüz işlərlə təsdiq etdiniz ki, əgər rəhbər müstəqil, vətənpərvər siyasət yürüdərsə, taleyini xalqının taleyindən seçməzsə, aldığı nəfəsi eli ilə, obası ilə birgə olarsa, bütün bu sınaqlardan üzüağ çıxar. Təhlükəni hiss etdiyiniz andan etibarən xalqın yanındasınız. Yorulmaq bilmədən gərgin iş rejiminə keçmisiniz. Bir gənc olaraq Sizdən örnək alıram. Sizin xalqımıza necə səylə xidmət etməyiniz məni və mənim kimi xalqa xidmət edən çoxlu sayda gəncləri ruhlandırır. Gördüyünüz sosial tədbirlər, əhaliyə göstərilən dəstək, verilən yardımlar, sosial müavinətlərin təyin olunması, qısa müddətdə təhvil verilən xəstəxanalar, maska, spirt zavodları və digər işlər bir daha onu sübut etdi ki, Siz həqiqətən də daim bu xalqı, bu milləti düşünürsünüz. Cənab Prezident, bütün bu işlərə və xalqımıza göstərdiyiniz dəyərli xidmətlərə görə Sizə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya şəxsən öz adımdan, eyni zamanda rəhbərlik etdiyim Milli Qəhrəman Mübariz İbrahimov adına Hacıqabul Rayon İdman Sağlamlıq Mərkəzinin kollektivi adından və Hacıqabul rayon gəncləri adından dərin təşəkkürümü və sonsuz minnətdarlığımı bildirirəm. Biz Sizinlə fəxr edirik.

Hörmətlə, Şəfiyev Elnur Abdulla oğlu, Əməkdar idman ustası. Azərbaycan Respublikası, Hacıqabul rayonu.

Cənab Prezident. Sizin və Mehriban xanim Əliyevanın yorulmaz fəaliyyətiniz, düşünülmüş qərarlarınız nəticəsində biz koronavirus epidemiyasına da qalib gələcəyik. Biz Sizi dəstəkləyirik və hər zaman Sizinləyik. Cəbhə bölgəsində yaşayan füzulililər əmindirlər ki, Sizin müdrik və uzaqgörən siyasətiniz nəticəsində ölkəmizdə tezliklə koronavirus təhlükəsi aradan qaldırılacaq, insanlarımızın sağlam və xoşbəxt həyatı təmin ediləcəkdir. Biz hər zaman Sizinləyik. Allah Sizi var eləsin.

Hörmətlə, Bayramova Gülnar Habil qızı. Azərbaycan Respublikası, Beyləqan rayonu.

Möhtərəm cənab Prezident. Biz böyük bir ailəyik. Uzun illərdir ki, kənd təsərrüfatı sahəsində çalışırıq. Sizin kənd təsərrüfatına olan diqqətiniz və kənd adamlarına qayğınız bizi daha da yaxşı işləməyə ruhlandırır. Qazandığımız uğurlara görə Sizə minnətdarıq. Heç bir texnika və dərman preparatı sarıdan çətinliyimiz yoxdur. Cənab Prezident, qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə Sizi və ailənizi təbrik edirəm. Sizə cansağlığı arzulayıram.

Hörmətlə, Bəşirov Əlimirzə Balamməd oğlu. Azərbaycan Respublikası, Salyan rayonu, Sarvan kəndi.