"Azərbaycanda texnologiyaların inkişafına ciddi önəm verilir" RƏY-ÖZƏL

23 May 2020 17:36 (UTC+04:00)

"Bildiyimiz kimi son müddət ərzində Prezident İlham Əliyev texnologiya sahəsində inkişaf etmiş bir neçə şirkətlərin rəhbərləri ilə görüşlər keçirib. Bura CİSCO və "Signify" şirkətinin rəhbərlərini daxil etmək olar". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Prezident İlham Əliyevin hər iki şirkətin rəhbərlər ilə keçirilən videokonfransda onlar tərəfindən yeni tətbiq olunacaq ən müasir texnologiyaların məhz Azərbaycanda da quraşdırılması ilə bağlı məqamlara toxunduğunu deyən deputat söyləyib ki, bütün bunlar göstərir ki, Azərbaycanda texnologiyaların inkişafına ciddi önəm verilir və bu texnologiyaların çox mütərəqqi olduğu nümayiş etdirilir:

"Ölkə başçısı bundan əvvəl CİSCO şirkətinin rəsmiləri ilə keçirilən görüşdə videokonfransın məhz həmin şirkətin texnologiyaları əsasında baş tutduğunu qeyd etmişdi. Ötən gün keçirilən görüşdə isə dövlət başçısı söylədi ki, şirkətlə ölkəmiz arasında əməkdaşlıq sayəsində sentyabrın sonunadək Bakı üçün minlərlə yeni küçə işığını özündə ehtiva edəcək layihənin birinci mərhələsi icra olunacaq".

C. Osmanov qeyd edib ki, hər iki şirkətin rəhbərləri pandemiya dövründə Azərbaycan Prezidentinin təşəbbüslərini və həyata keçirdiyi siyasəti yüksək qiymətləndiriblər: "Cənab Prezidentin təşəbbüsü ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, daha sonra Qoşulmama Hərəkətının Zirvə görüşünün keçirilməsi bir daha təsdiq etdi ki, dövlət başçısının apardığı siyasətin mərkəzində duran məsələlərdən biri ən müasir texnologiyaların dövlət idarəçiliyində qurulmasıdır".

Ölkə başçısının rəhbərliyi ilə Azərbaycanda texnologiyaların inkişafına ciddi önəm verildiyini qeyd edən deputat vurğulayıb ki, ölkə başçısının sərəncamları ilə yaradılan e-hökumət portalı, e-məktub dövriyyəsi və digərləri bu sahənin prioritetlərdən olduğunun əyani sübutudur: "Prezident İlham Əliyev görüşlərdə də vurğuladı ki, bundan sonrakı dövr ərzində texnologiyalar və onun üstünlüklərindən istifadəyə daha çox ehtiyac var. Dövlət başçısı eyni zamanda ən müasir texnologiyaların Azərbaycana gətirilməsi üçün həmin şirkətlər qarşısında məsələlər də qaldırıb".