Bir ömrə beş ömür sığışdıran alim Sahib FƏRZƏLİYEV - 60

22 May 2020 17:28 (UTC+04:00)

(Portret cizgiləri)

Sahib Fərzəliyev: “Həyatın dərsləri mənə hər zaman mətin, cəsarətli, mərd və sədaqətli olmağı öyrədib”

Bu insan Azərbaycan oxucularına özünün elmi məqalələri, müəllimlik təcrübəsi, televiziyadakı maraqlı çıxışları, Qeyri Hökumət Təşkilatlarında apardığı böyük işləri ilə çox yaxşı tanışdır. Amma bununla birlikdə onu bir daha oxucularla yaxından tanış etmək istəyirəm.

Qısa tanıtma: Sahib Abduləli oğlu Fərzəliyev 1960-cı il may ayının 23-də Cəbrayıl rayonunun Minbaşılı kəndində anadan olub. 1977-ci ildə elə həmin kənddə orta məktəbi əla qiymətlərlə başa vuraraq, Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna qəbul olunub və oranı “sənaye və mülki tikinti” ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə Sumqayıtdakı 3 №-li Evtikmə Kombinatında başlayıb. 1983-1987-ci illərdə həmin kombinatın 103 №-li tikinti idarəsində mühəndis, böyük mühəndis və şöbə müdiri vəzifələrində çalışıb. 1987-ci ildə İnşaat Mühəndisləri İnstitutunun Elmi-Tədqiqat sektoruna baş elmi işçi - bölmə rəhbəri vəzifəsinə keçib. 1988-1992-ci illərdə Moskva şəhərində Ümumittifaq Elmi-Tədqiqat İnstitutunda dissertant olub, namizədlik dissertasiyası müdafiə edərək, alimlik dərəcəsi alıb. 1987-1990-cı illərdə Azərbaycan İnşaat Mühəndisləri Universitetinin “Dəmir-beton konstruksiyaları” kafedrasında saat hesabı müəllim, 1990-2011-cı illərdə “Tikintinin təşkili və idarə olunması” kafedrasında assistent, baş müəllim, dosent vəzifələrində çalışıb. 2011-ci ildən “Tikinti istehsalatının texnologiyası, təşkili və idarə olunması” kafedrasının müdiri vəzifəsində işləyir. İnşaat fakültəsinin və Universitetin Elmi Şuralarının üzvü, Elmi Şura yanında Elm və təhsil üzrə komissiyanın və “İnşaat mühəndisliyi” üzrə mağister emi dərəcəsi almaq üçün İxtisaslamşış Şuranın sədridir. Bütün bunlarla birlikdə Sahib müəllim 150-yə yaxın elmi məqalənin, 17 tədris proqramının, 5 metodiki və 7 dərsliyin və dərs vəsaitinin müəllifidir. Həmçinin respublikamızın bir sıra aparıcı layihə institutları ilə əməkdaşlıq edir. Respublikamızda aparılan iri miqyaslı tikinti işlərinin layihələndirilməsində, respublikamızın ictimai-siyasi həyatında fəal iştirak edir. O, 1990-cı ildə Bakı şəhər Sovetinin deputatı olub. 1998-ci ildə “Potensial” Sumqayıt Mütəxəssislər Birliyini təsis edib və indiyədək həmin Birliyin sədridir. “Potensial” Birlyi 22 ilə yaxındır ki, xeyirxah, humanist bir fəaliyyətlə məşğuldur. Ötən dövrdə yerli və beynəlxalq təşkilatların - Böyük Britaniyanın "OXFAM", ABŞ səfirliyinin Demokratiya Komissiyası, Avrasiya Fondu, Norveç qaçqınlar şurası, BMT QAK, Norveç səfirliyi, ABŞ-ın World Vision, Conterpart, USAİD, ACİ Budapest, AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və sairənin dəstəyi ilə həyata keçirilən 35-dən çox layihənin rəhbəri olub. O, uzun illər elmi-pedaqoji sahədə səmərəli fəaliyyət göstərdiyinə görə 2016-cı ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Qabaqçıl təhsil işçisi” döş nişanı ilə təltif olunub. O, bir-çox orden-medallara layiq görülüb, dövlət təltifləri var, “Avrasiya” Memarlar Evinin qızıl medal mükafatçısıdır. Sahib müəllim həm də Əfqanıstan müharibəsi veteranıdır, onun sinəsini əmək orden-medalları ilə yanaşı döyüş medalları da bəzəyir.

- Sahib müəllim, suallar verməmişdən əvvəl, ilk növbədə Sizi 60 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirik!

- Çox sağ olun! Diqqətinizə görə təşəkkür edirəm!

- Bilirik ki, Siz çoxillik səmərəli elmi-pedaqoji fəaliyyətinizlə yanaşı respublikamızda aparılan iri miqyaslı tikinti işlərinin layihələndirilməsində də yaxından iştirak edirsiniz. Ən mühüm layihələriniz barədə məlumat verərdinizmi?

– İlk öncə istərdim tikinti layihələri anlayışına bir balaca aydınlıq gətirim. "Tikinti layihələri" dedikdə çoxları yalnız layihə müəllifi kimi memarları və konstruktiv həllər verən konstruktorları düşünürlər. Ancaq onu deyim ki, layihələndirmə tikinti prosesinin yalnız 10-15 %-ni təşkil edir. Qalan 85-90 % -i onun tikinti istehsalatına aiddir. Mən tikiləcək obyektin “Tikintisinin təşkili layihəsi"ni işləyirəm. Bu layihə çərçivəsində tikinti üçün lazım olan resursların (material, işçi qüvvəsi, maşın-mexanizm,vəsait və s.) müəyən edilməsi və onlar arasındakı qarşılıqlı əlaqələri həll edirəm. O ki, qaldı sualın ikinci hissəsinə, mən bu dövrdə yüzlərlə iri tikinti layihələrinin işlənməsində iştirak etmişəm. Onların sırasında hər gün yanından ötüb keçdiyimiz Bakı Beynəlxalq Avtovağzalı, paytaxtın Heydər Əliyev prospekti-102 ünvanında ucaldılan 32 mərtəbəli Biznes mərkəzi, Dövlət Neft Şirkətinin (SOCAR) 43 mərtəbəli yeni inzibati binası, Heydər Əliyev prospektində respublikamızın ən hündür binasi (249 m) olan 52 mərtəbəli “Baku Tower” inzibati binası və sairəni qeyd edə bilərəm.

– Elmi-pedaqoji sahə maraqlı olduğu qədər də gərgin əmək, daim yenilik, axtarış tələb edən, heç də asan olmayan bir sahədir. Bəs, elmi-pedaqoji fəaliyyətlə yanaşı layihə işlərinə necə vaxt ayırırsınız?

– Onu deyim ki, əgər istənilən elm adamı öz işlərini istehsalatda tətbiq etmirsə, onun işi mənasız bir fəaliyyət olur. Bu baxımdan layihə işləri mənim üçün çox maraqlıdır. Həm də, gizli deyil ki, əsas qazancımız məhz həmin işlərdəndir. Bəzən bir layihədən bir illik elmi-pedaqoji fəaliyyətə görə aldığımdan çox vəsait qazana bilirəm. Belə olan halda niyə də bu işlərə vaxt ayırmamalıyıq? Həm də qeyd etdiyim kimi, bir sıra layihə institutları ilə əməkdaşlıq edirəm. Onların sırasında AzMİU-nun Layihə İnstitutu mənim üçün daha önəmlidir. Mən həm də ekspert kimi fəaliyyət göstərirəm. Bu da pullu bir xidmətdir. Respublikamızın tikinti istehsalatında çoxlu problemlər və mübahisəli məsələlər mövcuddur. Belə işlərdə professional mütəxəssislərə ehtiyac çox olur.

- Bəs Siz ali təhsil ocağının kafedra müdiri, professoru kimi respublikamızın elm və təhsil sahəsindəki vəziyyəti barədə nə deyə bilərsiniz?

– Məlumdur ki, təhsil hər bir xalqın inkişaf göstəricisidir. Keyfiyyətli təhsil ölkələrin uğurlu və dinamik iqtisadi yüksəlişi, insan kapitalının məqsədyönlü istifadəsi, inkişafı deməkdir. Nə qədər çətin olsa da, biz təhsilimizi hökmən inkişaf etdirməliyik. Bu, bizim yeganə irəliləyiş və çıxış yolumuzdur. Düzünü deyim ki, orta təhsil sistemi ilə bağlı son zamanlar aparılan islahatlar məni sevindirir. Çünki indiyədək orta məktəblərdə çoxlu problemlərimiz mövcud olub. Ali təhsil üçün baza orta təhsil müəssisələridir. Onun səviyyəsi nə qədər yüksək olsa, o zaman ali təhsilin də keyfiyyəti artar. Əlbəttə, ali təhsil müəssisələrinin də öz problemləri mövcuddur. Keçid dövrü üçün bu problemlər qaçılmazdır və labuddur. Dövlətimiz təhsil sistemində çoxlu təqdirəlayiq işlər görür. Bunları danmaq olmaz. Bu baxımdan son illərdə qəbul edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının, Təhsilin inkişafı üzrə Dövlət Strategiyasının, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın və sairə önəmli qərarların adını çəkə bilərəm. Təkcə bunu demək kifayətdir ki, sonuncu Dövlət Proqramında Azərbaycan təhsilinin dünya və Avropa təhsil məkanına inteqrasiyası üçün ikili diplom proqramlarının həyata keçirilməsi, xaricdə doktorantura səviyyəsi üzrə təhsilin təşkili, tədris proqramlarının beynəlxalq standarlara uyğunlaşdırılması, əcnəbi tələbə və professor-müəllim heyətininin ölkəmizdə tədrisə cəlb etməsi və sairə bu kimi məsələlər nəzərdə tutulub. Bu fakt da çox ürək açandır ki, bu ildən etibarən dövlət sifarişli tələbə yerlərinin sayı 12 mindən 20 minə qaldırıldı. Bu isə o deməkdir ki, 66,1 % imkansız ailələrin uşaqları ali təhsil almaq imkanı əldə edəcəkdir.

- Bilirəm ki, Szi iki il Əfqanıstanda hərbi xidmətdə olmusunuz. Müharibə veteranısınız, dəfələrlə odun-alovun içindən keçmisiniz. İndi o illəri necə xatırlayırsınız?

– Açiğı, hec xatırlamaq istəmirəm. Həyatımın ən ağır illəri olub o illər. Nə bilim, bəlkə də bu, alın yazım olub. Sizə deyim ki, Əfqanıstan müharibəsi ilə bağlı Sovet dövründə danışmaq bizə yasaq idi. Demək olar ki, biz o dövrün siyasətinin qurbanları olmuşuq. Amma indi də danışmasaq, bəs nə vaxt danışarıq? Hə... belə, Ağalar müəllim... Düz 40 il əvvəl Sovet ordusu Əfqanıstana daxil olmuşdu. Tarixən qeyri-sabit olan həmin regiona qoşunların yeridilməsinə o illərdə olduğu kimi, indi də müxtəlif səbəblər gətirilir. Sovet ordusunun oradakı fəaliyyəti beynəlmiləl borc, dostluq köməyi, Aprel inqilabını qorumaq, eyni zamanda silahlı müdaxilə, işğal və sairə kimi qiymətləndirilir. Sovet ordusu Əfqanıstanda olduğu illərdə 620 minə yaxın (Azərbaycandan – 10.000 nəfərə qədər) zabit, gizir, çavuş və əsgər 416 iri miqyaslı əməliyyatlara cəlb edilmişdi. Ordunun 547 min nəfəri döyüş əməliyyatlarında bilavasitə iştirak etmişdir. Sovet ordusunun Əfqanıstan döyüşlərində itkiləri 14 453 (Azərbaycandan – 208) nəfər olub, 417 nəfər əsir və itkin düşüb (Azərbaycandan – 7 nəfər), onlardan 119 nəfəri sonradan əsirlikdən azad olunublar. 86 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb (25 nəfər ölümündən sonra), 200 min nəfər isə müxtəlif orden və medallarla təltif olunublar.

- Maraqlı faktlardır. Ancaq necə oldu ki, Sizı o vaxt Əfqanıstana apardılar?

-1979-cu ildə aprelin 21-də bizi Macarıstana hərbi xidmətə yola salmışdılar. Hərbi xidmətimiz ilk günlərdən etibarən çox gərgin, çətin keçirdi. Sonralar o günləri xatırlayanda düşünürdüm ki, yəqin bizim Əfqanıstana göndəriləcəyimizi elə əvvəldən bilirdilər, ona görə də o dərəcədə ciddi hərbi təlimlər keçirilir, planlı surətdə hazırlıq aparılırdı. Hərbi xidmətə sıravi əsgər (pulemyotçu) kimi başlamışdım, lakin Əfqanıstanda olarkən nümunəvi hərbi xidmətimə görə baş serjant rütbəsinə yüksəlmişdim. Bölüm komandiri olmuşam. Biz Macarıstanda 1980-cı il yanvarın 12-də səfərbər olduq, amma demədilər hara gedirik. Yalnız Özbəkistanın Termez şəhərində bizi təpədən dırnağa qədər silahlandıranda bildik ki, bizi Əfqanıstana aparırlar. Orada qorxusundan özünü güllələyənlər də oldu. 1980-cı il fevral ayının 2-də gecə yarısı bizi oyatdılar və “Cəbhəyə gedən polk, düzlən” komandası verildi və elan olundu ki, biz Əfqanıstanda Aprel inqilabının nailiyyətlərini qorumaq üçün şərəfli bir vəzifəni icra etməliyik. Sərhədi keçərək, Əfqanıstana daxil olduq. Həmin gecə bizi Məzari Şərif əyalətinə apardılar. Orada SSRİ-nin 5 respublikasını - Orta Asiya respublikalarını qazla təchiz edən qaz emalı zavodu yerləşirdi. Bizə o zavodun mühafizə olunması tapşırıldı. O zaman bizi təlimatlandırdılar ki, “düşmənlər” çox çalışacaqlar ki, bu zavodu partlatsınlar. O vaxtlar çox ağır günlər idi. Qış ayı idi, zirehli maşında yatırdıq, bu, çox əzablı idi. İsti yemək, içmək də yox idi. Gecələr siqaret yandırmaq belə qadağan idi. Hər işığa, işıltiya güllə atırdılar. Biz hərbi xidmətimizi may ayına qədər orada davam etdirdik.

– İlk hərbi əməliyyatı necə xatırlayırsınız?

– İlk əməliyyat polkumuzun yerləşdiyi Puli-Xumri əyalətində mart ayının 5-dən 7-dək keçirildi. O günü heç vaxt unutmaram. Təkcə ona görə yox ki, ilk dəfə canlı döyüş səhnəsi görürdüm. Başqa qanqaraldıcı səbəb də vardı. Yaxşı yadımdadır ki, polkumuzun komandiri martın 8-də şəxsi heyət qarşısında çıxış etdi, polkun döyüş hazırlığını yüksək qiymətləndirdi. Lakin sonda təəssüf hissi ilə qeyd etdi ki, “müharibənin belə acı reallıqları da var. Bugünkü bayram günündə biz analara 7 əsgərimizin tabutunu göndərəsi olduq…”

Mən ilk dəfə əfqanların “kışlaklarını” (kəndlərini) görəndə təsəvvürüm çox dəyişdi və elə zənn etdim ki, başqa bir planetə düşmüşəm. Onların insanları çox binəva idi. Ümumilikdə, əfqanlar çox qorxurdular, çünki heç vaxt belə dəhşətli zirehli maşınlar, tanklar, toplar, döyüş vertolyotları və sairə görməmişdilər. Həmin dövrdə Sovet qoşunları çox amansız idi. Orda bütün son dövrün silahları sınaqdan keçirilirdi.

- Bu müharibədə nə itirdiniz, nə qazandınız, aldığınız dərslər nə oldu?

- Müharibədə ən çox itirdiyim sağlamlığım oldu. 2 ilə yaxın bir dövrdə qurudulmuş çörək və konservləşdirilmiş yemək yeyən adamın sağlamlığı necə olardı? Müharibə mənim həyatımda çox böyük bir sınaq imtahanı oldu. Aldığım dərslər mənə həyatda mətin, cəsarətli, mərd və sədaqətli olmağı öyrətdi. Əfqanıstan müharibəsində iştirak etdiyimə görə məndən çox və əsasən yaxınlarım, dostlarım, qohumlarım və övladlarım qürur hissi keçirirlər. Qohumlarım, yaxınlarım həm də məni ona görə çox istəyirlər ki, mən oddan-alovdan, çətin sınaqlardan keçmiş müharibə veteranıyam.

- Bir də nə vaxtsa bundan sonra Əfqanıstanda olmaq istərdinizmi?

- Heç vaxt istəmərəm. Bilirsiniz, bir alman şirkəti bir vaxt kino film çəkmək istəyirdi. Orda Əfqanıstan və sovetlər tərəfindən vuruşan döyüşçülərin görüşü nəzərdə tutulmuşdu. Heç kəs üçün o görüş maraq doğurmadı. Mənə də təklif gəlmişdi, mən də həmin təklifdən qəti olaraq imtina etdim. Çünki o anları bir də

xatırlamaq istəmirəm... Bizim kənddə bir Bəndiyalı kişi vardı. Böyük Vətən Muharibəsi veteranı idi, müharibədən söz düşəndə qaçırdı. Biz də uşaq vaxtı ona gülürdük. Müharibəni görəndən sonra bildim və başa düşdüm ki, müharibədən söz düşəndə Bəndiyalı kişi niyə qaçırmış...

- Qarabağ müharibəsində Əfqan veteranlarından istifadə olunurdumu?

- Əlbəttə. Azərbaycan Milli Ordusunun yaranmasında əsas baza kimi Əfqanıstan veteranlarından istifadə olunub. Bu müharibədə 7 nəfər Əfqanıstan müharibəsi veteranı "Azərbaycanın Milli Qəhrəmanı” adına, 37 nəfər “Azərbaycan Bayrağı” ordeninə layiq görülüb. Elə bu iki fakt çox məqamdan xəbər verir.

– Bu gün doğulub boya-başa çatdığınız Cəbrayıl rayonu işğal altındadır. Doğma yurdunuz yadınıza düşürmü?

– Heç unuda bilirəm ki? Yurdlarımızın işğalından çəkdiyim əzab Əfqanıstanda çəkdiyim əzablardan qat-qat çoxdur, ağırdır. Bunu hər adam hiss etməz, duymaz. Necə ki, baba olmayan kəs nəvə sevincini yaşaya bilməz.

- Doğma yurdunuzla bağlı daha nələri qeyd etmək istərdiniz?

- Mən "Potensial" Sumqayıt Mütəxəssislər Birliyinin sədriyəm və biz Sumqayıtda çoxlu layihələr icra etmişik. Onların sırasında məcburi köçkünlərlə bağlı da kifayət qədər işlər görmüşük. Bir-neçə il əvvəl Vaqif Tumaslı adında bir həmyerlimlə tanış olmuşdum - Allah rəhmət eləsin, indi dünyasını dəyişib. O, iki gözdən əlil idi. Ancaq çox gözəl şeirləri vardı. O deyirdi, qızı Çinarə onun şeirlərini yazıya köçürürdü. Sonra mən onun kitabının çap olunmasına da yardımçı oldum. Onun bir şeri yadıma düşdü. Şeiri əzbər bilmirəm, ancaq məzmunu belə idi “gecələr yuxuma gələydi kaş, bir quş olub havasında uçaydım kaş, Füzulidən Cəbrayılacan dizin-dizin sürünəydim kaş, gözü doyunca da baxıb, sonra öləydim kaş” və sairə bu kimi fikirlər vardı. İndi də mən... nə deyim?..

– Əfqanıstan müharibəsinin iştirakçısı kimi Qarabağ probleminin həlli ilə bağlı nə düşünürsünüz?

- Qarabağ probleminin bir həlli yolu var. O da torpaqlarımızı döyüşlə, kişi kimi vuruşaraq işğaldan azad etmək. Vəssalam.Ermənilər heç vaxt bizə elə-belə torpaq qaytarmayacaq. Onu da nəzərə almalıyıq ki, bunun üçün hec vaxt indiki qədər şanslı olmamışıq.

- Siz "Potensial" Sumqayıt Mütəxəssislər Birliyindən danışdınız. Ötən dövr ərzində onun xətti ilə nə işlər görmüsünüz?

- Fəaliyyəti dövründə Birliyimiz çox işlər görüb. Bunu sumqayıtlılar çox yaxşı bilirlər.Çünki ən çox faydalananlar elə onlardır.Birliyimizin yaratdığı “Pulsuz Hüquqi Yardım Mərkəzi”ndən 20 mindən çox soydaşımız bəhrələnib. Bunları pula çevirsək, bu o deməkdir ki, biz 20 ildə şəhərimizə hər il yarım milyon manat investisiya qoymuşuq, bu isə 20 il ərzində 10 milyon manat deməkdir. Respublikamızın 25 rayonunda fəaliyyətimiz olub. Bir-çox ölkəsəviyyəli layihələrin iştirakçısı olmuşuq. “Yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı"nın respublika üzrə monitorinqini keçirmişik. Bu, çox böyük, həcmli işdir.Biz Nazirlər Kabinetinin Katibliyində də təmsil olunmuşuq.Birliyimiz Respublikada seçilmiş 7 Dəstək QHT-sindən biridir.Yəni, ən inkişaf etmiş, güclü QHT-lərdən biridir. Bir sözlə, bu dövrdə yüksək intellektual potensiallı

mütəxəssisləri bir təşkilatda birləşdirərək, оnların intellektual pоtеnsialından istifadə еtməklə hüquqi, dеmоkratik, dünyəvi dövlət quruculuğu yоlunda оlan rеspublikamızın siyasi və iqtisadi müstəqilliyinin möhkəmləndirilməsində, dövlət idarəçilik sistеminin təkmilləşdirilməsində və ölkədə vətəndaş cəmiyyətinin fоrmalaşmasında həmişə fəal iştirak еtmişik.

- 60 illik ömründən geriya baxanda Sahib müəllim nələrə heyfislənir?

- İnsan həyatda yaşadıqca dəyişə-dəyişə gedir. Evindən, maşınından tutmuş hər bir əşyaya qədər dəyişir. Dəyişməyən bir insanın xasiyyətidir. Mən bu illərdə çalışmışam elə yaşayım ki, geriyə dönüb baxanda təəssüflənməyim. Yəni gördüyüm hər işi yaxşıca düşünüb, təhlil edib, sonra görmüşəm. Ona görə də keçmiş həyatıma nəzər salanda görürəm ki, bu 60 ildə təəssüflənəcəyim bir işim yoxdur. Yaxşısı, pisi nə varsa mənim həyatımdır və onlar mənə məxsusdur. Bu qədər çətinliklərim olmasaydı, bəlkə bu qədər uğur qazanmazdım. Bütün qazandıqlarım mənim üçün şirindir, doğmadır. Çünki mən onları öz əməyimlə qazanmışam. Çox da xoşbəxtəm ki, belə bir mənalı, şərəfli həyat yaşamışam. Otra məktəbdə əla oxusamda qızıl medal bir yana heç bir venetkada almağa maddi imkanımız olmayıb, təssüflənməmişəm. Ali məktəbə qəbul olmuşam şirinliyini duymamış əsgər aparıblar, dünyanın ən ağır müharibəsindən keçmişəm Əfqanıstanda hərbi xidmət etmişəm, təssüflənməmişəm. İnstututu bitirəndən sonra Moskvada aspirant olmuşam müdafiyə ərəfəsində Qarabağ hadisələri başlayıb ermənilər orda məni müdafiyə etməyə qoymayıb qayıdıb vətəndə müdafiyə etmişəm, müdafiyə edəndən sonra məni 5 il assistant vəzifəsində saxlayıblar təssüflənməmişəm. Məni həyatda təssüfləndirən bircə məsələ var o da dogma elimizi-obamızı itirmişəm, onu qoruya bilməmişik. O tormaqlarda mənim ayaq izlərim, uşaqlıq xatirəmərim, gənclik xəyallarım qalıb. Bax budur məni üzən, məni təssüfləndirən…

- 40 ildən çox qoynunda yaşadığınız, Sizdən cəmi 10 yaş böyük olan doğma Sumqayt və sumqayıtlılar mayın 23-də 60 illik yubiley sevincinizi Sizinlə birgə yaşayacaqlar. Yubileyinizlə bağlı ilk olaraq bütün sumqayıtlılar və Sumqayıt Dostlar Klubu adından Sizi ürəkdən təbrik edir, həyatınızın və elmi-ictimai fəaliyyətinizin bütün sahələrində Sizə daha böyük uğurlar arzulayırıq!

- Çox sağ olun, təşəkkür edirəm! Var olsun üzvü olduğum Sumqayıt Dostlar Klubu! Çox düzgün qeyd etdiniz ki, mənim aktiv həyatımın 42 ili Sumqayıtla bağlıdır. Övladlarım bu şəhərdə doğulub-böyüyüb, onlar sumqayıtlıdırlar. Mən də özümü 42 ildir ki, sumqayıtlı hesab edirəm. Qürur duyuram ki, doğma şəhərimiz üçün mən də nəsə edə bilmişəm. Ancaq görüləcək işlərimiz hələ çoxdur. Bunlardan ən başlıcası isə yaxın zamanlarda xalqımıza Sumqayıt oğullarının da uğrunda mərdliklə vuruşduğu Qarabağımızın böyük qələbə sevincini bəxş etməkdir. Biz buna hökmən nail olmalıyıq. Qarabağsız Azərbaycan, qanadı qırılmış quşdur... "Qanad", hökmən və nəyin bahasına olursa-olsun yerinə qaytarılmalıdır! Bunun başqa yolu yoxdur!

Ağalar İDRİSOĞLU,

Yazıçı, rejissor, publisist, jurnalist,

Əməkdar incəsənət xadimi.