"Əgər vasitəçi ölkələr Ermənistanı müdafiə etməsəydilər..." RƏY-ÖZƏL

22 May 2020 16:41 (UTC+04:00)

“Təbii ki biz başa düşürük ki, ermənilərin arxasında böyük güclər dayanır. Bu, birmənalıdır. ATƏT-in Minsk qrupunun həmsdər ölkələri də Ermənistanı, Paşinyanı müdafiə edirlər”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

O bildirib ki, əgər vasitəçi ölkələr Ermənistanı müdafiə etməsəydilər, ən azı onların illərdən bəri işğalçılıq siyasətinə son qoymaq üçün konkret və təsirli adddımlar atardılar: “Heç olmasa sanskiyalar tətbiq olunardı. Lakin bunların heç biri edilmir”.

Deputat söyləyib ki, bu gün erməni diasporunun formalaşdırdığı lobbi var ki, bəzi qurumlar fəaliyyətini məhz erməni lobbisinin maliyyə hesabına qurub: “Xristian təəssübekeşliyi də burada özünü göstərməkdədir”.

F. Ağamalı qeyd edib ki, Prezident İlham Əliyev başda olmaqla, Azərbaycan dövlətinin, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində qətiyyətli mövqeyi ortadadır: “Azərbaycan bir qarış belə torpaqlarını düşmənə vermək fikrində deyil. Ordumuz ən güclü, müasir silahlarla təchiz edilir. Əsgərlərimiz böyük ruh yüksəkliyindədirlər. Aprel döyüşləri bunu bir daha sübut etdi. Hesab edirəm ki, çoxda uzaqda olmayan növbəti əlverişli şərait yaranan kimi torpaqlarımızı işğaldan azad edəcəyik”.

Deputat qeyd edib ki, həmin dövrə qədər Azərbaycan beynəlxalq ictimaiyyəti hazırlamalı, onları Paşinyana qarşı ciddi addımlar atmağa sövq edən addımlar atılmalıdır”.