Amerika Türk Koalisiyası: "Türklərin yaşadığı faciələr olduğu kimi qəbul edilmədikcə, türklərlə ermənilər arasında uzlaşma mümkün olmayacaq"

26 Aprel 2011 19:13 (UTC+04:00)

Amerika Türk Koalisiyası ABŞ prezidenti Barak Obamanın 24 aprel çıxışını "missioner zehniyyəti" olaraq qiymətləndirib. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, Koalisiyanın etiraz bəyanatında Obamanın türklər və ermənilərin faciələrinə eyni yanaşma ortaya qoymadığı ifadə olunub. Qeyd olunub ki, türklərin yaşadığı faciələr olduğu kimi qəbul edilmədikcə, türklərlə ermənilər arasında uzlaşma mümkün olmayacaq.

 

Bəyanatda vurğulanıb ki, ABŞ prezidentinin ermənilərin ağrılarını ucaltdığı halda Osmanlı müsəlmanların Balkanlardan, Şərqi Anadoludan və Qafqazlardan etnik təmizliyə uğradılmasını görməməsi təəssüf doğurur: "Yanız missioner zehniyyəti olan şəxslər Barak Obama kimi addım ata bilərdilər. 19 və 20-ci əsrin əvvəllərində 5 milyon osmanlı türkü öldürülüb, 5,5 milyonu isə yaşadığı torpaqlardan köçürülüb. Bunları da qeyd etmək lazımdır".