Bu gün parlament nümayəndə heyəti Qazaxıstana səfər edəcəklər
26 Aprel 2011 18:43 (UTC+04:00)
Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Türkdilli Ölkələrin Parlament Assambleyasının II plenar iclasında iştirak etmək üçün bu gün Qazaxıstanın paytaxtı Astana şəhərinə səfər edəcək. Parlamentin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, nümayəndə heyətinin tərkibinə Milli Məclisin deputatlarından Nizami Cəfərov, Əhliman Əmiraslanov, Sevinc Hüseynova, Ülvi Quliyev, Çingiz Qənizadə, İqbal Ağazadə, parlament aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.
Parlamentin spikeri, Türkdilli Ölkələrin Parlament Assambleyasının fəaliyyətdə olan sədri Oqtay Əsədov təşkilatın plenar iclasında çıxış edəcək. Sədr ötən dövrdə görülmüş işlərdən danışacaq, qurumun gələcək inkişaf perspektivləri barədə fikirlərini açıqlayacaq, növbəti müddətə TürkPA-ya sədrlik edəcək Qazaxıstan tərəfinə uğurlar arzulayacaq. Səfər zamanı Milli Məclis Sədrinin Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə, ölkə Parlamenti Məclisinin və Senatının spikerləri, tədbirdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulub.
Görüşlərdə ikitərəfli əlaqələrin inkişafı, parlamentlər səviyyəsində əməkdaşlığın genişləndirilməsi, TürkPA-nın beynəlxalq qurumlar arasında mövqeyi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
Tədbir çərçivəsində "Türkdilli ölkələrin müstəqilliyi: inkişaf və yeni imkanlar" adlı foto sərgi nümayiş etdiriləcək.
Səfər aprelin 28-də başa çatacaq.