Neftin qiyməti nə vaxt 60 dollara qalxacaq? EKSPERT FİKRİ

22 May 2020 10:05 (UTC+04:00)

Dünya bazarında neftin 1 barelə görə qiymətinin əvvəlki vəziyyətdə, yəni 60 dollardan yuxarı olması növbəti ilin sonuna bərpa edilə bilər. Lakin bu ilk növbədə dünyada iqtisadi inkişafı zəiflədən pandemiya ilə bağlı baş verənlərin gedişatından asılı olacaq. SİA-nın xəbərinə görə, bunu Astana Beynəlxalq Maliyyə Mərkəzinin (ABMM) rəhbəri Kayrat Kelimbetov müsahibəsində bildirib.

O bildirib ki, dünyada maliyyə-iqtisadi və pandemiya böhranının bu cür birləşməsi ilk müşahidə edilən haldır: “Bu baxımdan düşünürəm ki, biz neftin qiymətinin 60 dollardan yuxarı olacağı ilə bağlı yalnız gələn ilin sonunda danışa bilərik. Xatırladım ki, 2014-2015-ci illərdə neftin 1 barelə görə qiymətinin 100 dollara qayıdacağı ilə bağlı danışırdıqsa, çox təəssüf ki, indi "qara qızıl"ın 60 dollara qayıdacağını ehtimal edirik”.

ABMM rəhəbrinin sözlərinə görə, hazırda dünyada mövcud olan böhran fonunda neft və qaz sənayesində gündəlik tələbat 20 milyon barel azalıb: “Bu baxımdan da qlobal iqtisadiyyat zəifləyib. Hazırkı şəraitdə Brent marakı neftin 1 barelinə görə qiymətinin 30 dolları keçməyəcəyi proqnozlaşdırılır”.

"Təbii sərvətləri ilə zəngin olan Rusiya və Qazaxıstan belə düny bazarında neftin qiymətinin düşməsi nəticəsində şok yaşadı. Belə ki hər iki ölkədə ixrac gəlirləri, büdcələ və Milli Rifah Fondları öyük bir sarsıntı keçirib. Bu əlbəttə ki ciddi problemdir”, - deyə ekspert dilə gətirib.