Peruda şəhər meri içkili vəziyyətdə karantin rejimini pozduğu üçün bu günə düşdü

22 May 2020 02:23 (UTC+04:00)

Perunun Tantara şəhərinin meri Xayme Ronaldo Urbina Torres içkili vəziyyətdə karantin rejimini pozub.

SİA "m24.ru" saytına istinadən xəbər verir ki, hadisə mayın 21-də axşam baş verib.

Ölkədə tətbiq edilən karantin rejimində dostları ilə içki məclisindən qayıdan şəhər meri polisin reyd keçirdiyini görüb. İçkili olduqlarını polisin bilməməsi üçün mer və dostları tabutun içərisinə girərək özünü ölmüş kimi qələmə veriblər.

Əvvəlcə polis onların koronavirusdan öldüklərini zənn edib. Tabutların polis məntəqəsinə gətirilməsindən sonra bütün gerçəklər üzə çıxıb.

Şəhər merinin üzündə maska tabutda uzanmış vəziyyətdə fotoları ölkə mətbuatında yayımlanıb.

Qeyd edək ki, Peru Prezidenti Martin Viskarra ölkədə karantin rejimini mayın 24-dək uzadıb.

Xatırladaq ki, Peruda 104 mindən çox koronavirusa yoluxma hadisəsi qeydə alınıb, onlardan 3024 nəfər ölüb.