ABŞ-ın saxtakarlığı və ya "Con"un erməniliyi- ANALİZ

26 Aprel 2011 08:45 (UTC+04:00)
Mehmet Perinçek: "Ermənistan Rusiya hərbi bazalarını ərazisindən çıxaracağı təqdirdə, ABŞ Qarabağın müstəqilliyini tanıya biləcəyini bildirib, Rusiya bu danışıqlardan xəbərdar olub, ona görə də mövqeyini Azərbaycan tərəfə yönəldib"

Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın mövqeyi həmişə maraq doğurur. Vaşinqton sözdə Azərbaycanın ərazi bütövlünü dəstəklədiyini bildirir, amma arxa planda başqa oyunlar oynayır. Qafqazda Rusiyanın mövqelərini ələ keçirmək üçün Ermənistanı öz tərəfində çəkməyə çalışan Ağ Ev irəli sürdüyü və guya müdafiə etdiyi bütün dəyərlərin saxta olduğunu ortaya qoyur.

"Rusiyanın dövlət arxivlərindəki 120 sənəddə erməni məsələsi" kitabının müəllifi, türkiyəli alim Mehmet Perinçekin APA-nın Moskva müxbirinə müsahibəsində maraqlı məqamlara toxunulub. Rusiya dövlət arxivlərində araşdırma apararkən Qarabağ məsələsilə bağlı xeyli sənədə rast gəldiyini deyən tarixçi qeyd edib ki, bunlar hamısı tarixi faktlardır: "Rast gəldiyim faktlar içərisində maraqlı nüanslar var. Arxivdən tapdığım sənədlər içərisində Daşnak Ermənistanı dövrünə aid sənəddə göstərilir ki, ermənilər həmin vaxtı Qarabağda azərbaycanlı əhaliyə qarşı vəhşiliklər törədiblər.

Bundan başqa, arxivlərdən tapılan sənədlərdə Qarabağın tarixi Azərbaycan torpağı olduğu göstərilir. Bu barədə arxivlərdə Lenin, Stalin və Orconikidzenin yazışmaları var. Stalin yazışmalarının birində türkləri (azərbaycanlıları) dəstəklədiyini qeyd edir. O bu məsələdə azərbaycanlıların haqlı olduğunu yazır".
Tarixçi alim problemin həlli məsələsinə də münasubət bildirib və deyib ki, münaqişənin sülh yoluyla həlli çox çətindir: "Çünki burada çox müxtəlif faktor var. Bunlar Rusiya və Qərb, Azərbaycan və Ermənistan faktorlarıdır. Ona görə də, problemin yaxın zamanlarda sülh yolu həll edilməsi mümkün olmayacaq". Onun sözlərinə görə, Moskva hazırda Azərbaycan tərəfə yönəlib: "Çünki Ermənistan və ABŞ arasında danışıqlar olub. Həmin danışıqlarda Ermənistan öz ərazisində yerləşən Rusiya hərbi bazalarını ölkədən çıxaracağı təqdirdə, ABŞ-ın Qarabağın müstəqilliyini tanıya biləcəyi əksini tapıb. Rusiya bu danışıqlardan xəbərdar olub, ona görə də mövqeyini Azərbaycan tərəfə yönəldib".

Alim Ermənistanla Türkiyə arasında protokolların imzalanmasının yüz faiz yanlış addım adlandırıb.
Azərbaycan xalqı ABŞ-ın Qarabağ problemindəki mövqeiyini yaxşı bilir və bu dövlətin ikiüzlülüyünü dəfələrlə görüb. Hələ 90-larda Amerika ermənilərin işğal ərazisində möhkəmlənməsinə çalışırdı. Ağ Evin müxtəlif humanitar proqramlar adı ilə seperatçılara yardımlar etdiyi haqda kifayət qədər çox rəsmi faktlar var. ABŞ-ın ölkəmizdəki səfirləri Dağlıq Qarabağda ABŞ şirkətlərinin işləməsini "demokratiyaya yardım" adlandırır. Bunlara rəğmən ABŞ Konqresi Dağlıq Qarabağdakı separatçı rejimə milyonlarla dollar yardım ayırmaqda davam edir.

Maraqlıdır- yardımlar nə üçün ayrılır? Bu haqda bəzi istiqamətlərdə məlumatlar mövcuddur. Amerikan dollarları seperatçı rejimin silahlanmasına xidmət edir. Və bu pullar sonradan Azerbaycana qarşı yeni terrorlar həyata keçirməyə sərf olunur. Bir də xarici ölkələrdən ermənilərin oraya gətirilib məskunlaşdlırlmasına. Bunun mənası odur ki, Azərbaycanın işğal edilmiş ərazilərində ermənilərin məskunlaşması prosesi beynəlxalq səviyyədə planlaşdırılır. Xristian təəssübkeşlər Dağlıq Qarabağın onsuz da erməniləşdiyini zənn edib, işğal olunmuş ərazidə vəziyyəti dəyişməyə, Dağlıq Qarabağla Ermənistanı ən azından demoqrafik-coğrafi baxımdan birləşdirirməyə çalışırlar.

Bu, Qərbin, o cümlədən ABŞ-ın erməni işğalına haqq qazandırması və onun nəticələrini Azərbaycana qəbul etdirməsi anlamına gəlir. Məsələyə ABŞ-Azərbaycan münasibətləri prizmasından baxanda ciddi qüsurlar gözə dəyir. Amerika öz strateji tərəfdaşının ayağının altını qazmış kimi görünür. Sözdə Azərbaycanın ərazi bütövlüyünü qəbul edib, əməldə ermənilərlə bütün səviyyələrdə işlər görən Amerikanın obyektivliyinə və tərəfsizliyinə inanmaq olmaz.
Son vaxtlar ABŞ-dan verilən tapşırıqla ölkədə dini, siyasi qarşıdurmalar yaradılması üçün göstərilən cəhdlər isə Ağ Ev-in gerçək simasını ortaya qoyur. Bunları nəzərə alaraq Bakı Vaşinqtonla münasibələrinə yenidən baxmalıdır.