Sahibkarlıq subyektlərində monitorinqlər keçiriləcək

21 May 2020 14:13 (UTC+04:00)

Məlum olduğu kimi, Azərbaycandakı sanitar-epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən mərhələlərlə xüsusi karantin rejiminin yumşaldılması həyata keçirilir. Belə ki, ilkin mərhələdə bir sıra iş və xidmət sahələrinin fəaliyyəti bərpa edilmiş, Bakı, Sumqayıt, Gəncə və Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində ticarət obyektlərinin (iri ticarət mərkəzləri istisna olmaqla), digər inzibati ərazi vahidlərinin ərazisində isə ticarət və ictimai iaşə obyektlərinin fəaliyyətinə, nəqliyyat vasitələrinin (ictimai nəqliyyatla sərnişindaşıma istisna olmaqla) rayonlararası və şəhərlərarası sərbəst hərəkətinə icazə verilmişdir. SİA-nın xəbərinə görə, bununla belə, insanların sağlamlığının qorunması baxımından iş və xidmət sahələrində sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl edilməsi vacibdir. Belə ki, sahibkarlıq subyektləri fəaliyyəti zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə müəyyən olunmuş xüsusi karantin qaydalarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə tam riayət etməli, bu məqsədlə əməkdaşlar və müştərilər üçün lazımi şərait yaradılmalı, iş və xidmət sahələri qoruyucu vasitələrlə (əlcək, tibbi maska, dezinfeksiyaedici materiallar və s.) təmin edilməlidir.

İş və xidmət sahələri üzrə spesifik xüsusiyyətlər nəzərə alınmaqla profilaktik tədbirlər görülməli, mütəmadi olaraq təmizlik-dezinfeksiya işləri aparılmalı, sosial məsafə saxlanılmalı, qoruyucu vasitələrdən istifadə edilməli, işçi heyət gigiyenik tələblərə əməl etməlidir.

Fəaliyyətinə icazə verilmiş iş və xidmət sahələrində sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarətin gücləndirilməsi məqsədilə İqtisadiyyat Nazirliyində Bakı şəhəri üzrə 12, iqtisadi rayonlar üzrə 8, sənaye müəssisələri üzrə 2 olmaqla 22 monitorinq qrupu yaradılmışdır. Monitorinq qruplarına İqtisadiyyat Nazirliyinin müvafiq strukturlarının, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları daxildir. Zərurət yarandıqda monitorinqlərə digər aidiyyəti dövlət qurumlarının nümayəndələri də cəlb ediləcəkdir.

Monitorinqlər zamanı Nazirlər Kabinetinin qərarları ilə müəyyən edilmiş xüsusi karantin qaydalarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunması vəziyyəti araşdırılacaq, monitorinqlərin nəticələri KİV-də geniş işıqlandırılacaqdır.