“Vətənimizə virtual səyahət”

21 May 2020 14:40 (UTC+04:00)

#Evdəqal çağırışına dəstək olaraq Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası Azərbaycanın şəhər və rayonlarına virtual turlar təşkil edir. İdarədən SİA-ya bildirilib ki, kitabxana "Vətənimizə virtual səyahət" layihəsini Ağsu rayonu ilə bağlı hazırlanmış videoçarxla davam etdirib.

Xəbər verdiyimiz kimi, virtual turlar Quba, Xızı, Tərtər, Göyçay, Ucar, Ağcabədi, Qax, Şəmkir, Siyəzən, Xaçmaz, Tovuz, Samux, Daşkəsən, İsmayıllı, Masallı və s. rayonlara, Gəncə, Sumqayıt və Şəki şəhərlərinə təşkil olunub.

Qeyd olunub ki, sözügedən layihədə Xızı, Göyçay, Ucar, Qax, Şəki və Ağcabədi rayonlarının Mərkəzi Kitabxanaları da fəal iştirak edir.

Videoçarx Ağsu rayonu haqqında olan ümumi məlumatla başlayır. Sonra rayonun xəritəsi izləyicilərə təqdim olunur.

Azərbaycanın gözəl guşələrindən biri olan Ağsu rayonunun təbiəti videoçarxda özünəməxsus rəngarəngliyi ilə diqqəti cəlb edir. Böyük Qafqaz dağlarının cənub hissəsində yerləşən Ləngəbiz silsilə dağları, Hinqar dağları, təbiətinə yamyaşıl gözəllik qatan meşələri və torpağı qidalandıran gur sulu çayları, təmiz tərkibə malik bulaq və şəlalələrinin siyahısı ilə yanaşı müxtəlif fotolar videoçarxda verilir.

Videoçarxda, həmçinin rayonun ərazisində iki çayın – Girdiman və Ağsu çaylarının olduğu qeyd edilir və bu çayların qolları haqqında maraqlı məlumatlar əks olunur.

Hər bir rayonun ərazisinə və iqliminə görə flora və faunası dəyişkən olur. Videoçarxda Ağsu rayonunun torpağında kök atmış müxtəlif bitkilərin (palıd, xan çinar, sumaq, zirinc, xurma, tut və b.), təbiət qoynunda məskən salmış heyvanların və quşların fotoları (ilan, canavar, dovşan, kəklik və b.) təqdim olunur.

Videonun davamında Ağsu rayon Qaraqoyunlu kəndi Qırmızı günbəz türbəsi, Ağ günbəz türbəsi, Şeyx Əmir Əhməd türbəsi, Qaraçıbulaq və bunun kimi başqa qədim tarixi abidələr, tarixi özündə əks etdirən muzeylər, Kalva kəndində yerləşən Sərəki və Savalan, Söyüdlü pirləri haqqında geniş məlumat yazılı surətdə izləyicilər üçün nümayiş olunur.

Videoçarxda Ağsunun tanınmış görkəmli və tarixi şəxsiyyətlərinin fotoları verilib.

Ağsu tarixən inkişaf etmiş sənətkarlıq sahələri ilə məşhurdur. Videoda xalçaçılıq sahəsi ilə əlaqədar Ağsu xalçaları da göstərilir. Videoçarx Azqranat şirə zavodu, Ağsu stadionu və bunun kimi digər müasir binaların fotoları ilə yekunlaşır.

Videoçarx Xalq artistləri Ağadadaş Ağayevin "Can Azərbaycan" və Aygün Kazımovanın "Azərbaycan" mahnıları ilə müşayiət olunur.

Layihəyə uşaqların diqqətini cəlb etmək üçün virtual turların materialları "Kitabsevər uşaqlar" "Facebook" səhifəsində və eyni adlı "YouTube" kanalında izləmək mümkündür.

Layihə davam edir.