Qabil Məmmədov adlı terror(çuy)a son! ANALİTİK

20 May 2020 11:24 (UTC+04:00)

Azərbaycan dövləti əleyhinə çıxış edən bu ünsür AXCP və “Milli Şura” tərəfdarıdır

Avropada Azərbaycan dövlətinin və xalqının maraqları əleyhinə fəaliyyət göstərən söyüş qruplarında çıxış edən üsnürlərdən birinin – AXCP və “Milli Şura” tərəfdarı Qabil Məmmədovun ifşası, daha dəqiq desək, onun Almaniyadan ekstradisiya olunacağı işlərinə başlanması məsələsi gündəm mövzularından birinə çevrilib. SİA xəbər verir ki, artıq bu barədə Baş Prokurorluq da rəsmi məlumat yayıb.

Lakin o da bəllidir ki, o nəinki dövlət rəhbərliyi və rəsmilərinin, nüfuzlu ictimai-siyasi xadimlərin nüfuzlarının alçaldılmasına yönəlmiş yolverilməz təhqirlərə yol verib, eləcə də Azərbaycanda mövcud olan sabitliyə, inkişafa, xalq-dövlət birliyinin dayaqlarına xələl vurmaq məqsədi ilə terror hazırlıqları üçün müxtəlif düşmən cinahları ilə əlbir olub, maliyyələşmə və s. kimi məsələlərdə əsas tərəf kimi çıxış edib, habelə ayrı-ayrı regionlardan olan vətəndaşlarımıza qarşı ayrıseçkilik törədərək, separatçı fikirlər də səsləndirib.

Onun həmfikirlərinin kimlər olması, daha dəqiq desək, hansı təşkilatlarda yer almaları da maraq doğurur...

Rəsmi məlumatdan da məlum olur ki, Q.Məmmədov əvvəllər konkret cinayət əməllərinə görə məhkum olunmuş həmfikirləri və havadarları ilə qabaqcadan əlbir olduğu qrupda gizli təşkilatlanıb Azərbaycanda ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə terror aktları törətmək üçün sosial şəbəkələr vasitəsi ilə çoxsaylı video-çıxışlarında çağırışlar edib. Bu ünsür eyni zamanda özünə tərəfdar bildiyi və dəstək verəcəklərini güman etdiyi həmfikirlərinə müraciətlər edərək, silahlanıb mümkün kütləvi aksiyaların gedişində ölkəmizin hakimiyyət orqanlarının yüksək vəzifəli şəxslərini, o cümlədən ictimai asayişi qoruyan polis əməkdaşlarını qətlə yetirmək, onların evlərini yandırmaqla terrorçuluğun törədilməsinə yönələn açıq dəvətlər səsləndirib. Bu zaman onun həmfikirlərinin kimlər olması, daha dəqiq desək, hansı təşkilatlarda yer almaları da maraq doğurur...

AXCP sədri Əli Kərimlinin cangüdəninə təlimatları kim verə bilər?

Yəni sözügedən məsələnin daha bir tərəfi budur ki, Q.Məmmədovun çağırışları əsasında hərəkət edənlər bilavasitə AXCP-“Milli Şura” tərəfdarlarıdırlar. O da əbəs deyil ki, bu məsələdə AXCP sədri Əli Kərimlinin cangüdəni – Niyaməddin Əhmədovun da adı hallanır. Məsələn, rəsmi məlumatdan bir daha məlum olub ki, Q.Məmmədov N.Əhmədova müxtəlif üsullarla göndərdiyi pul vəsaitləri göndərib. Məhz bu faktlar təfsilatlı şəkildə məlum olduqdan sonra axtarışda olan Q.Məmmədova Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan olunmaqla onun Azərbaycan Respublikasına ekstradisiyası üzrə müvafiq hüquqi prosedurlar həyata keçirilir. Artıq belə də nəticəyə gəlmək olar ki, Ə.Kərimlinin cangüdəni hər halda özbaşına qərarlar verməyib və ona tapşırıqlar, təlimatlar verilib. O da mümkündür ki, N.Əhmədovun Q.Məmmədovla işbirliyi bağlarını məhz Ə.Kərimli bərkidib. Və...

Gültəkin Hacıbəylinin “zoom” toplantıda “sentyabrda hakimiyyətə gəlirik” iddiası altında hansı gizlinlər dayanıbmış?

Və məsələnin daha bir tərəfini də xatırlatmaq yerinə düşərdi. Belə ki, “Milli Şura”nın ictimailəşən “zoom” toplantılarının birində qurumun koordinasiya mərkəzinin üzvü Gültəkin Hacıbəyli digər iştirakçılara xitabən bildirib ki, onlar pessimist olmamalıdırlar, çünki sentyabrda hakimiyyətə gəlməyə hazırlaşırlar və s. Məhz bu iddia ətrafında analiz apararkən, belə bir nəticəyə gəlmək olar ki, əslində onlar bilavasitə Q.Məmmədovla iş birliyindədirlər və eyni zamanda, AXCP sədri Ə.Kərimlinin cangüdəninin məlum məsələyə görə saxlanılması da sözügedən hadisələrin tərkib hissəsidir. Düzdür, G.Hacıbəyli və “Milli Şura”nın, AXCP-nin funksionerləri zaman-zaman Q.Məmmədovun onlara heç bir aidiyyatının olmadığını desələr də, görünən budur ki, bu kimi cəhdlər sadəcə fikir yayındırmağa hesablanan addımlardır. Daha doğrusu, onlar bu kimi pərdələnmə vasitə ilə guya baş verənlərdən xəbərdar, yaxud aid olmadıqlarını sərgiləməyə cəhd göstərirlər. Ancaq dəlillər bir daha göstərir ki, sözügedən məsələdə radikalçılıq, dağıdıcılıq və terrorçuluq, anarxistlik prinsipləri üzərində fəaliyyət göstərən istənilən addım ifşa olunur, bu ifşaların altından isə AXCP və “Milli Şura” tərəfdarlarının çıxması təəccüb doğurmur. Fəqət, göründüyü kimi, artıq bütün kartlar açılıb, hadisələr bütün çılpaqlığı ilə üzə çıxıb və dövlət maraqları əleyhinə çıxış edən ünsürlər öz layiqli cəzalarını alacaqlar.

Rövşən RƏSULOV