Səbaildə Çernobıl qəzasının iştirakçıları ilə görüş keçirilib

26 Aprel 2011 01:15 (UTC+04:00)

Çernobıl qəzasının ildönümü ilə bağlı Səbail rayon İcra Hakimiyyətində qəzanın aradan qaldırılmasının iştirakçıları olmuş rayon sakinləri ilə görüş keçirilib.

SİA-nın xəbərinə görə, mərasimdə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov bildirib ki, bu dəhşətli qəza bütün dünyada əks-səda doğurub. Hadisə nəticəsində 7 min insan həlak olmuş, 25 min insan güclü radiasiyaya məruz qalaraq ömürlük şikəst olub.

Ukrayna və Belorusda 300 min nəfər öz yaşayış yerlərini tərk ediblər. II Dünya müharibəsi illərində Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atılmış atom bombalarının fəsadlarına bərabər tutulan bu qəzanın nəticələrinin aradan qaldırılması üçün o dövrdə analoqu olmayan "Sarqofaq" əməliyyatına SSRİ-nin bütün respublikalarından minlərlə insan cəlb olunub. 1986-cı ildə keçmiş SSRİ-nin digər respublikalarının nümayəndələri ilə birlikdə

Azərbaycandan da 7 mindən çox insan bu qəzanın aradan qaldırılması üçün Çernobıla yola düşüblər. Təhlükəli və ağır şəraitdə işləmək iştirakçıların əksəriyyətinin səhhətinə ciddi təsir göstərib. Onların bir çoxu normadan artıq şüalanmaya məruz qalmış, səhhətlərinə ciddi ziyan toxunub. Hadisədən artıq 25 il keçməsinə baxmayaraq bir çox iştirakçılar bu gün də əziyyət çəkirlər.

Çernobıl qəzası zamanı əlil olmuş vətəndaşların vəziyyətini çox gözəl bilən ümummilli liderimiz Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan az sonra, yəni 1993-cü ilin sonlarında bu qəzanın ləğvində iştirak etmiş və həmin qəzadan zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında xüsusi sərəncam imzalamış və bununla da Çernobıl əlillərinə diqqət və qayğı artıb.

Toplantıda qeyd olunub ki, Səbail rayonunda Çernobıl qəzasının aradan qaldırılmasına iştirak etmiş 90 nəfərin 52-i müxtəlif dərəcəli əlildir və onlar dövlət tərəfindən müəyyən edilmiş təqaüd, müavinətlər və müraciət etdikləri zaman sanator müalicəsi ilə təmin olunurlar. Respublikamızda radiasiya şüalanmasından əziyyət çəkən vətəndaşlar üçün xüsusiləşdirilmiş müalicə mərkəzinin yaradılması ilə bağlı ölkə rəhbərliyinin səyləri müsbət qarşılanıb.

Tədbirin sonunda Çernobıl əlillərinə maddi yardım və ərzaq bağlamaları təqdim olunub.