Kolleclərə Azərbaycan dilindən imtahanın müddəti azaldılıb

19 May 2020 17:27 (UTC+04:00)

Baş Nazir Əli Əsədov "Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə" qərar imzalayıb. SİA xəbər verir ki, qərara əsasən, "Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu Qaydaları"nda dəyişiklik edilib.

Qüvvədə olan Qaydalara əsasən, qəbul imtahanını rus dilində verən abituriyentlər Azərbaycan dili (dövlət dili kimi) fənnindən ayrıca test imtahanı verirlər.

İmtahanda abituriyentlərə Azərbaycan dili (dövlət dili kimi) fənnindən 30 tapşırıq təqdim edilir. Abituriyentlərin toplaya biləcəyi maksimal bal 30 baldır. İmtahanın davametmə müddəti 1 saat 30 dəqiqədir. Bu imtahanın nəticəsi "məqbul" və ya "qeyri-məqbul"la qiymətləndirilir və "məqbul" alanlar müvafiq tədris ili üçün keçirilən müsabiqələrdə qəbul imtahanlarına (ixtisas seçiminə) buraxılırlar.

Dəyişikliyə əsasən, imtahanın davametmə müddəti 45 dəqiqə olacaq.

Bu Qərar 2020-ci il oktyabrın 1-dək qüvvədədir