Orta ixtisas təhsili pilləsinin dövlət standartı və proqramında dəyişiklik edilib

19 May 2020 17:05 (UTC+04:00)

Baş Nazir Əli Əsədov "Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə" qərar imzalayıb. SİA xəbər verir ki, qərara əsasən, "Orta ixtisas təhsili pilləsinin dövlət standartı və proqramı"nda dəyişiklik edilib. Qərara əsasən, orta ixtisas təhsili üzrə təlim proqramını (kurikulumu) mənimsəmiş tələbələrə ixtisas dərəcəsi və həmin pilləni bitirməsi haqqında diplom verilir.

Eyni zamanda, qərarda bildirilir ki, orta ixtisas təhsili proqramları təhsilalanların dövlət attestasiyası ilə yekunlaşır. Tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyalardan) müvəffəqiyyətlə keçmiş tələbələr təhsil müddətində əldə etdikləri nəticələrə (Ümumi Orta Müvəffəqiyyət Göstəricisinə) uyğun olaraq yekun attestasiyadan keçmiş hesab olunurlar.

Təhsil müddətində əldə etdikləri nəticələrə (Ümumi Orta Müvəffəqiyyət Göstəricisinə) uyğun olaraq çıxarılmış yekun attestasiyanın nəticələri ilə razılaşmayan tələbə ixtisas üzrə buraxılış yekun dövlət imtahanında (fənlərarası) iştirak edə bilər.

İmtahan sessiyalarının təşkili, tələbələrin biliyinin cari və aralıq qiymətləndirilməsi, dövlət attestasiyasının keçirilməsi qaydaları Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, orta ixtisas təhsili müəssisələri tərəfindən müəyyənləşdirilib.