MBA proqramı üzrə fənlər ən qabaqcıl tələblər səviyyəsindədir UNEC

19 May 2020 16:32 (UTC+04:00)

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Biznes Məktəbində MBA proqramı üzrə fənlər dünyanın ən qabaqcıl ali təhsil müəssisələrinin tələbləri səviyyəsindədir. Tədris prosesinin 20 faizi nəzəri, 80 faizi praktiki keçirilir. UNEC-dən SİA-ya bildirilib ki, Biznes Məktəbində çalışan 100-dən çox professor-müəllimin əksəriyyəti ABŞ, Kanada, Avstraliya, İngiltərə, Almaniya, İtaliya, İsveç, Fransa, Türkiyə, Rusiya və digər ölkələrin qabaqcıl universitetlərinin məzunlarıdır. Eyni zamanda, dövlət qurumlarının, aparıcı şirkətlərin, iş dünyasının rəhbərləri, aparıcı mütəxəssisləri tədrisə cəlb olunurlar.

UNEC Biznes Məktəbinin MBA proqramının tədris planı regional və beynəlxalq tələblərə cavab verir. Bununla bağlı ABŞ-ın Qərbi Texas A&M və Park universitetləri, Almaniyanın Drezden Texniki Universiteti, Kanadanın Vaterlo Universiteti və İsveçrənin UBIS Universitetinin rəsmi rəyləri var. Rəylərdə məzunların üç əsas xüsusiyyətə – kreativlik, dürüstlük və sistemli düşüncə tərzinə fokuslandığı bildirilib.