Gəncədə 26 yaşlı qızın boğazı kəsilmiş halda meyiti tapılıb - FOTOSLAYD

25 Aprel 2011 21:04 (UTC+04:00)

Gəncə şəhərində dəhşətli qətl hadisəsi baş verib. Cinayət Gəncənin Ağamirzə Əhmədov küçəsi, ev 23-də qeydə alınıb. Gəncə şəhər Prokurorluğundan SİA-nın bölgə müxbirinə verilən məlumata görə, qonşuların hüquq-mühafizə əməkdaşlarına xəbər verməsindən sonra mənzildə 1985-ci il təvəllüdlü Verdiyeva Nuranə Elcan qızı ölmüş vəziyyətdə tapılıb.

Dərhal hadisə yerinə Gəncə şəhər Prokurorluğunun əməkdaşları cəlb olunub. Cəsədin müayinəsindən sonra bir daha təsdiq edilib ki, Nuranə Verdiyeva kəsici-deşici alətlə öldürülüb. Bundan əlavə, ekspertlərin rəyinə görə cinayət 23 Apreldə, yəni cəsəd tapılandan bir gün öncə törədilib.

Hazırda qatilin axtarışı davam etdirilir. Lakin, hüquq-mühafizə orqanı əməkdaşları cinayətkarın şəxsiyyətini hələ müəyyənləşdirə bilməyib. Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb. İstintaq tədbirləri davam etdirilir.