ABŞ prezidenti Barak Obamanın 24 aprel çıxışı bu il də müzakirələrə gətirib çıxarıb. Obama 1915-ci il hadisələri ilə bağlı çıxışında "soyqırımı" sözünü işlətmədi, " böyük fəlakət" mənasını verən "meds yeghern" dedi. ABŞ prezidenti "Osmanlının son günlərində 1,5 milyon erməninin qətl edildiyini və ya ölümə getdiyini" ifadə edib.
Türkiyənin ABŞ-dakı səfiri Namiq Tan Obamanı "Twitter"dən "Potus"un (Obamanın Milli Kəşfiyyat İdarəsindəki ləqəbi) tarixin səhv və birtərəfli siyasi şərhini hüzn duyuruq" sözləri ilə qınayıb.
Səfir bildirib ki, tarixi ağrıların təktərəfli şərh olunması tərəflər arasında uzlaşma və sülh gətirməyəcək. Türk-erməni əlaqələrinin tarixi haqqında üçüncü tərəflərin daxili siyasi qiymətləndirmələr aparılmasının qəbul edilməz olduğunu deyən səfir qeyd edib ki, bu cür haqsız şərhlər türklər ilə ermənilərin ortaq tarixi məsələlərdə ədalətli nəticəyə gəlməsində çətinlik yaradacaq: "ABŞ Türkiyə və Ermənistan arasındakı münasibətlərin normallaşma prosesini cəsarətləndirməli və buna təktərəfli, siyasi idarə olunan şərhlərlə maneə törətməməlidir".
Türkiyə Böyük Millət Məclisinin sədri Məmməd Əli Şahin Barak Obamanın 24 aprel çıxışına münasibət bildirərək deyib ki, tarixi həqiqətlərin bir elmi hesabat olaraq ortaya çıxmasından sonra baş verənlərlə bağlı qiymətləndirilmələrin aparılması vacibdir: "Tarixi tarixçilərə buraxaq. Siyasətçilər tarix yaza, tarixi qiymətləndirə bilməz. Komissiya yaradılsın, arxivlər araşdırılsın. Nə baş veribsə, açıq şəkildə ortaya qoyulsun və bu tarixi həqiqətlər bir elmi hesabat olaraq ortaya çıxan zaman dəyərləndirmələr aparaq. Belə şərhlərlə sağlam bir nəticəyə çatmaq mümkün deyil. Bu cür çıxşıları, qərarları ciddi qəbul etmirəm. İnsanlığın da ciddi qəbul etdiyi qənaətində deyiləm".
Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu da Obamanın 1915-ci il hadisələri ilə bağlı çıxışının təktərəfli olduğunu bildirib. O, qeyd edib ki, hər il bu mövzunun gündəmə gəlməsi və Türkiyə-ABŞ əlaqələrinə zərər verməsi kədərləndiricidir: "Belə bir gündə biz Obamanın o illərdə türklərin çəkdiyi ağrıları da xatırlamasını istəyirdik. Daxili siyasətə yönələn bu cür şərhlər türklər və ermənilərin həqiqətə çatmasına əngəl olmaqdan başqa bir şey deyil. ABŞ-dan gözlədiyimiz Türkiyə ilə Ermənistan arasındakı münasibətlərin normallaşma prosesini və tarixlə bağlı işləri çətinləşdirmək deyil, asanlaşdırmaqdır". Maraqlıdır ki, ermənilər də Barak Obamanın çıxışından narazıdır. Obamanın çıxışı ondan "soyqırımı" sözünü gözləyən erməni diasporunu çox qəzəbləndirib. Qondarma soyqırımı tezisinin ən böyük müdafiəçisi Amerika Erməni Milli Komitəsi İdarə Heyətinin başçısı Ken Hacikyan "Obama öz sözlərinə xəyanət edib. ABŞ bütün dünyadakı erməniləri təəssüfləndirdi" deyib. O, bildirib ki, Obama Türkiyənin təzyiqi nəticəsində belə bir mövqe ortaya qoyub.