"Paşinyanın siyasi kariyerası qısa olacaq" - ŞƏRH ÖZƏL

12 May 2020 16:37 (UTC+04:00)

"Paşinyanın faşizmə yanaşma tərzi, faşizm mirası ilə əlaqədar onun mövqeyinin səbəbləri artıq məlum oldu. Çünki indiyə qədər özünü demokrat cildinə salan şəxs, demokratik qüvvələrin başçısı kimi qələmə verən, xalq içində bu barədə kifayət qədər geniş, ətraflı danışan və şaxəli şüarlar səsləndirən Paşinyanın iç üzü açılmış oldu". Bunu SİA-ya açıqlamasında politoloq Fikrət Sadıqov deyib.

Politoloqun sözlərinə görə, Yerevanın mərkəzində 6 metrlik faşist cəllad Njdeyə qoyulan heykəlin qarşısında onun o cür ehtiramının səbəbi Paşinyanın babasının faşist dəstələrində tərəqqi və bəşəriyyətə qarşı müharibədə iştirak etməsi imiş: "Yəni, birmənalı şəkildə bu insanın əli qan içindədir. Bu gün onun nəvəsi də eyni mövqedə dayanır və eyni siyasəti həyata keçirirsə, ondan nə gözləmək olar? Ermənistanda sağlam düşüncəli insan varsa, ona qarşı çıxış etməlidir. Artıq bir sıra qüvvələrin bu barədə etirazları, hətta Ermənistanın özündə də Paşinyana qarşı güclü şəkildə etiraz dalğasının başlandığı müşahidə olunur və ona qarşı bir sıra ittihamlar irəli sürülür".

F.Sadıqov vurğulayıb ki, bu cür vəziyyətdə Paşinyanın siyasi kariyerası uzun müddət davam edə bilməz: "Çünki üzə çıxan faktlar artıq gündəmdədir. Arxiv sənədləri bu faktları sübut edir və ona görə də, bundan yayınmaq mümkün deyil. Bir tərəfdən babası faşist dəstələrində vuruşan insan, digər tərəfdən indiki dövrdə faşizm ideologiyasına sadiq olan bir şəxs kimi özünü göstərən Paşinyanın demokratiya adı ilə gizlətdiyi əsl xisləti artıq geridə qaldı. Onu müşahidə edən bütün xalqlar reallığı, xüsusilə ikinci dünya müharibəsinin sonu ilə əlaqədar tarixi qeyd edən insanlar, xalqlar bunu dərk etməlidirlər. Mən düşünürəm ki, Paşinyanın siyasi kariyerası sona yetmək ərəfəsindədir".