Dünya Ermənistanın işğalçılıq siyasəti tənqid edir - TƏHLİL
23 Aprel 2011 02:48 (UTC+04:00)
Məlum olduğu kimi, ATƏT-in Misk qrupunun Sahə Qiymətləndirmə Missiyasının Azərbaycanın işğal altında olan ərazilərində ümumi vəziyyətin dəyərləndirilməsi məqsədilə 7-12 oktyabr 2010-cu il tarixlərində apardığı müşahidələrin nəticələrini əks etdirən hesabatı işğalçı ölkə Emənistanda siyasi dairələrində ciddi narahatlıq doğurub. Buna səbəb sözügedən hesabatda Ermənistanın təcavüzkar siyasətini ortaya qoyan bir sıra mühüm faktların yer almasıdır. Məlumat üçün bildirək ki, ATƏT-in Faktaraşdırıcı missiyasının bölgəyə 2005-ci il səfərindən fərqli olaraq, son 18 ildə ilk dəfə olaraq, BMT nümayəndəsi missiyanın tərkibində regionda müşahidə aparıb. Həmin müşahidə Ermənistanın işğal etdiyi ərazilərdə qeyri-qanuni fəaliyyəti, eləcə də, qanunsuz məskunlaşma həyata keçirməsi, iqtisadi istismar və talanlar törətməsi ilə əlaqədar Azərbaycanın müraciəti əsasında Dağlıq Qarabağ ətrafındakı 7 rayon ərazisində aparılıb. Müşahidənin nəticələri isə zəbt olunmuş ərazilərdə Ermənistan tərəfindən məskunlaşdırma siyasətinin davam etdirildiyini, infrastruktur dəyişikliklərin və iqtisadi fəaliyyətin həyata keçirildiyini bir daha təsdiqləyib. Hesabatın xülasəsində də göstərilir ki, aparılan müşahidələrdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin və indiyədək sülhün əldə edilməməsinin faciəli nəticələrini göstərən aşkar dəlillər müəyyən olunub. Həmçinin, münaqişədən öncə regionda mövcud olan şəhərlər və kəndlər demək olar ki, tamamilə talan edilib və büsbütün dağıntılar altındadır. Hesabatın mühüm cəhətlərindən biri isə bölgədə ermənilər tərəfindən həyata keçirilən süni məskunlaşma faktının təsdiqlənməsi və bu barədə konkret rəqəmin göstərilməsidir. Məruzədə də bildirildiyi kimi, Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş 7 rayonda 14 min erməninin məskunlaşması qeydə alınıb. Müşahidələr zamanı aşkar olunub ki, Ermənistan hakimiyyəti son 5 il ərzində bölgədə infrastruktur dəyişikliklərini genişləndirib. Bu çərçivədə bir sıra kiçik qaz boru xətləri çəkilib, su-elektrik stansiyaları inşa olunub, içməli su təminatının artırılması üçün infrastruktur dəyişiklikiləri həyata keçirilib. Bundan əlavə, bölgədə ciddi inzibati dəyişikliklərin həyata keçirilməsi, həmçinin, tarixi yer adlarının erməniləşdirilməsi də hesabatda öz əksini tapıb. Göründüyü kimi, ATƏT-in məruzəsində Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında qanunsuz fəaliyyət göstərməsi bir daha təsdiqlənib və status-kvonun davam etdirilməsinin yol verilməzliyi ifadə olunub. ATƏT-in sözügedən hesabatı Prezident İlham Əliyev tərəfindən müsbət qiymətləndirilib. Dövlət başçısının bir müddət əvvəl Nazirlər Kabinetinin 2011-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında çıxışında da bildirdiyi kimi, məruzədə göstərilən məsələlər reallığı əks etdirir. Prezident İlham Əliyev hesabatda Azərbaycan ərazilərində Ermənistanın qeyri-leqal fəaliyyətini, süni məskunlaşdırma, talançılıq siyasətini təsdiqləyən məqamlara diqqət çəkərək status-kvonun saxlanmasının yolverilməzliyi ilə bağlı məruzədə əksini tapan mövqenin əhəmiyyətini xüsusi vurğulayıb: "Mən hesab edirəm ki, məruzədə bu, ən vacib məsələlərdən biridir. Çünki uzun illərdir ki, Azərbaycan dövləti bütün tribunalarda, bütün beynəlxalq təşkilatlarda, eyni zamanda, həmsədr ölkələrin rəsmiləri ilə birbaşa görüşlərdə məsələ qaldırır ki, status-kvo dəyişdirilməlidir".
Status-kvonun dəyişdirilməsi Ermənistan qoşunlarının işğal etdiyi Azərbaycan torpaqlarından çıxarılması, məcburi köçkünlərin yurd-yuvasına qayıtması, təhlükəsiz yaşayışının təmin edilməsi deməkdir. Bunun üçün isə Ermənistan tərəfi danışıqlarda konstruktivlik nümayiş etdirməli, BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların müvafiq qətnamələrini qeyd-şərtsiz yerinə yetirməlidir. Bu baxımdan, sözügedən hesabat işğalın davam etməsinin konfliktin fəsadlarının artırmasını göstərən mühüm sənəddir. Həmin hesabat münaqişənin həllində, regionda sülhün əldə olunmasında maraqlı olduğunu nümayiş etdirməyə çalışan dövlətlərin və beynəlxalq təşkilatların işğalçı Ermənistana təzyiq göstərməsinin labüdlüyünü kifayət qədər əsaslandırır.