Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə uydurma "erməni soyqırımı"l ilə bağlı dəyirmi masa keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə YAP rəhbərliyi, millət vəkilləri, siyasi partiyaların sədrləri, tarixçilər iştirak edib. YAP sədrinin müavini, icra katibi, millət vəkili Əli Əhmədov bildirib ki, Türkiyə ilə Azərbaycan uzun illərdir, erməni saxtakarlığının hədəfinə çevrilib: "Bu, təkcə ermənilərin apardığı təbliğatın nəticəsi deyil. Yaşadığımız bölgədə marağı olan qüvvələr də bu saxtakarlığı dəstəkləyir, qəbul edir. Bəzi dövlətlər bu soyqırımı oyununda iştirak edirlər. Azərbaycan cəmiyyəti erməni saxtakarlığının ifşa edilməsi ilə bağlı mütəmadi açıq və sərt mövqeyini ortaya qoyur. Tarixdə çox yalanlar və saxtakarlıqlar olub, lakin həmin yalan və saxtakarlıq üstü açılana qədər yaşayıb. Elə yalan və saxtakarlıqlar olub ki, bəlkə də onun üstünü açmağa ehtiyac yoxdur, çünki, o başlanandan üstü açıqdır. Lakin bu yalana müxtəlif üsullarla nəfəs verərək yaşatmaq istəyənlər tapılır. "Erməni soyqırımı" adını alan yalan bu kateqoriyaya aid edilə biləcək ən klassik nümunədir. Mən məmnunluq hissi ilə bildirmək istərdim ki, erməni yalanın üstünün açılması üçün çox ciddi səylər göstərilir. Bəzi hallarda ola bilsin ki, ciddi səylərimiz istədiyimiz kimi öz təsirini verə bilmir. Amma açıq şəkildə bizi məmnun edən tendensiya görünür".
YAP sədrinin müavini bildirib ki, Türkiyənin dünyada rolunun güclənməsi erməni yalanlarının təkcə üstünün açılması yox, yaşamasının çətinləşməsi üçün açıq şəkildə və təsirli fəaliyyət göstərən amilə çevrilir: "Mən bunun bir nümunəsini sizin diqqətinizə çatdırmaq istəyirəm. Bildiyiniz kimi, bu yaxınlarda Fransa konstitutsiya məhkəməsi Fransa senatının qondarma "erməni soyqırımı" nı tanımayanlara qarşı cəza tətbiq ediləcəyi barəsində qəbul etdiyi qərarın qüvvədən salmaqla sadəcə olaraq senatın qəbul etdiyi qərarın absurdluğunu etiraf etmək zorunda qalmayıb, həm də "erməni soyqırımı"nın saxta olduğunu etiraf etmək məcburiyyətində qalıb. İnanıram ki, bu yeganə etiraf olmayacaq. Bunun ardınca etiraf dalğası gələcək. Ən azından Türkiyənin və Türkiyənin qardaşı Azərbaycanın bütün sahələrdə olduğu kimi bu sahədə də birliyinin, qardaşlığının, birgə fəaliyyətininin möhkəmlənməsi hesab edirəm. Bu isə saxtakarlığın yaşamasını çətinləşdirən və mümkünsüz edən amil kimi öz əhəmiyyətini və təsir gücünü getdikcə artırcaqdır. Türkiyənin və Azərbaycanın sağlam düşünən şəxslərinin birgə səyləri ilə bəşəriyyəti bu saxtakarlığdan, biabırçılıqdan xilas etmək mümkün olacaq. Biz məsələyə təkcə Azərbaycan Türkiyə mövqeyindən yox, bütövlükdə dünya mövqeyindən baxmağı alışmalıyıq və geniş şəkildə tətbiq etməliyik. Erməni yalanı tək bizə yox, bütün dünyaya qarşı çevrilib. Bu yalanlar dünya dövlətləri arasında münasibətlərə ziyan, gərginlik və ağırlıq gətirir, həmçinin bütövlükdə beynəlxalq ictimaiyyətin normal prinsiplər əsasında fəaliyyət göstərməsini çətinləşdirir. Deməli, bu Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan münasibətlərindən kənara çıxır və ümumbəşəri mahiyyət kəsb edir. Belə olan halda bəşəriyyətidə bu saxtakarlığa qarşı qaldırmaq yox, sözün həqiqi mənasında ədalət səsini ucaltmaq istiqamətində addımlar atmaq vəzifə borcumuzdur".
Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı bildirib ki, əslində erməni məsələsi və "erməni soyqırımı" mövzusu dünya gücləri tərəfindən Türkiyəyə qarşı olaraq ortaya atılıb və bu gün həmin siyasət Qarabağın işğalı ilə davam edir. O, azərbaycanlıların soyqırımına məruz qaldığını da xatırladaraq Bakıda Soyqırımı Muzeyinin yaradılması zərurətini vurğulayıb. Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib ki, erməni yalanını ifşa etmək üçün Azərbaycan və Türkiyə birgə fəaliyyət göstərməlidir: "Türkiyə və Azərbaycan həm rəsmi, həm də qeyri-rəsmi səviyyələrdə birgə fəaliyyət göstərməlidir". B. Muradova vurğulayıb ki, qondarma "erməni soyqırımı" mövzusu təkcə Türkiyənin yox, həm də Azərbaycanın məsələsidir: "Bu gün ermənilər soyqırımı mövzusunu ortaya ataraq, həm də Qarabağ mövzusunu yaddan çıxarmağa, bu mövzudan yayınmağa çalışır".
Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc belə bir tədbir təşkil etdiyinə görə YAP-a və tədbirdə iştirak edən digər partiya rəhbərlərinə təşəkkür edib. O qeyd edib ki, bu tədbir həqiqətən də dünyaya mesaj olmalıdır. Çünki "erməni soyqırımı" əsrin yalanı, əsrin saxtakarlığıdır: " "Erməni soyqırımı"nı tanımış Argentina parlamentinin üzvlərindən Türkiyənin harada olduğunu soruşsanız, xəritədə yerini belə göstərə bilməzlər. Əlbəttə ki, bu cür yalanlardan yox, Xocalı qətliamından danışılmalıdır. Bu hadisə dünən, yəni çox yaxın tarixdə baş verib. Lap gedib 1918-ci il martın 31-də baş verən qətliama baxın. Bunlar hər kəsin bildiyi qətliamlardır".
Tədbirdə millət vəkilləri Fəttah Heydərov, Qənirə Paşayeva, Rəbiyyət Aslanova, Böyük Quruluş partiyasını rəhbəri Fazil Mustafa, Sosial Rifah partiyasının sədri Xanhüseyn Kazımlı və başqaları çıxış edərək qondarma "erməni soyqırımının" saxtakarlıq üzərində qurulduğunu, ermənilərin türklər tərəfindən yox, əslində azərbaycanlıların ermənilər tərəfindən müxtəlif vaxtlarda soyqırımına məruz qaldığını vurğulayıblar.