Bu gün alman faşizmi üzərində tarixi qələbədən 75 il keçir.
SİA xəbər verirki, faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı kimi qeyd olunur. May ayının 9-u ölkədə qeyri-iş günüdür. Qələbə günü münasibətilə ölkənin müxtəlif bölgələrində və paytaxtda tədbirlər keçirilir.
İkinci Dünya müharibəsi illəri bəşəriyyətin XX əsrdə üzləşdiyi ən ağır və dəhşətli dövr olmuşdur. 1939-cu il sentyabrın 1-də Almaniyanın Polşaya hücumu və ardınca İngiltərə və Fransanın Almaniyaya müharibə elan etməsi ilə başlanan İkinci Dünya müharibəsi Sovet İttifaqına da ciddi təhlükə yaratdı.
İyunun 22-də faşist Almaniyasının Sovet İttifaqına hücumu ilə Sovet xalqının Böyük Vətən müharibəsi və İkinci Dünya müharibəsinin gedişində yeni mərhələ başlandı. Sovet İttifaqının bütün xalqları, o cümlədən Azərbaycan xalqı Vətən uğrunda müharibəyə başladı.
Müharibə illərində Bakıda 130-dan çox növdə silah və döyüş sursatı istehsal edilirdi. Müəssisələrdə və kolxozlarda işləyənlərin təxminən 70%-i qadınlar idi.
Şəxsi vəsaitlərdən müdafiə fonduna 15 kq qızıl, 952 kq gümüş, 320 milyon rubl verilib. Cəbhəyə 1,6 milyon tondan çox zəruri mal və 125 vaqon isti geyim göndərilib. Yalnız Leninqrad üçün 1942-ci ilin yayına qədər Bakı müəssisələri 2 vaqon qara kürü, 40 ton meyvə qurusu, 12 vaqon tomat-püre və şirə, qara ciyər ekstraktı, hematogen, jelatin və digər qida məhsulları, habelə medikamentlər və sarğı vasitələri göndərilib.
Müharibə illərində ölkənin neft və neft məhsulları, təyyarələrin və tankların motor yağı, benzinlə təmin edilməsinin dörddə üçü Azərbaycanın istehsalı idi. O dövrdə ölkədə istehsal edilən neftin 70-75%-i, benzinin 85-90%-i Azərbaycanın payına düşürdü. 1941-1945-ci illərdə Azərbaycan ölkəyə 70 milyon ton neft, 22 milyon ton benzin göndərmişdi. 40-cı illərdə SSRİ-də çıxarılan 33 milyon ton neftin 23,5 milyon tonu Azərbaycanın payına düşürdü.
Uzun illər SSRİ neft və qaz sənayesinə başçılıq etmiş Nikolay Baybakov təsdiq edir ki, SSRİ-nin neft balansında Azərbaycanın iştirakı olmasa idi, Sovet İttifaqının faşizm üzərində qələbəsi sual altında qala bilərdi.
Sovet-Almaniya müharibəsi cəbhələrində yüksək sərkərdəlik nümunələri göstərmiş Sovet İttifaqı marşalları G.K.Jukov və K.K.Rokossovski müharibə illərində dəfələrlə rəsmi çıxışlarında bildirmişdilər ki, Azərbaycan neftçiləri motorlar müharibəsində faşist ordusu üzərində qələbədə cəbhəni yanacaqla fasiləsiz təmin etməklə həlledici xidmətlər göstərmişlər.
Marşal Konstantin Rokossovski həmin fikri belə şərh etmişdi: "Hər bir hərbi təyyarəmizin, tank ekipajının düşmənə zərbəsində Bakı neftçilərinin payı vardır".
Marşal A.A.Qreçko yazmışdır ki, "Azərbaycandan cəbhəyə tükənməz axınla yüksək keyfiyyətli benzin, silah, döyüş sursatı və ərzaqla dolu yük qatarları gəlirdi".
Faşizm üzərində qələbə Azərbaycan xalqının qanı və külli miqdarda maddi sərvətlərinin itirilməsi, böyük məhrumiyyətlər hesabına əldə edilmişdir. II Dünya müharibəsində həlak olan 70 milyon (bəzi mənbələr 57 milyon yazır) adamdan 27 milyonu Sovet vətəndaşları olmuşdur ki, onlardan da 300 mindən çoxu azərbaycanlılar idi. Ölkə hospitallarında cəbhədə yaralanmış 440 min nəfər müalicə olunub.
Xalqımızın Ümummilli lideri Heydər Əliyev 2003-cü ilin 25 fevralında Vaşinqtonda "Şərq-Qərb enerji dəhlizi reallıqdır" mövzusunda beynəlxalq konfransda nitqində demişdir: "Çoxları indi də deyir ki, əgər Azərbaycan nefti olmasaydı, İkinci Dünya müharibəsində SSRİ-nin İngiltərə-Amerika koaliyasiyası ilə birlikdə alman faşizminə qalib gəlməsi mümkün olmazdı".
Heydər Əliyev başqa bir çıxışında xalqımızın xidmətləri haqqında demişdir: "Tarix bu gün də bilməlidir ki, İkinci Dünya müharibəsində Azərbaycan Respublikasının xidməti, fəaliyyəti, rolu çox böyük olmuşdur".