"Etiraf etmək lazımdır ki, koronovirus pandemiyası ilə əlaqədar dünyanın tam əksər ölkələri karantin rejimi tətbiq ediblər. Beynəlxalq təşkilatlar fəaliyyətlərini dayandırıb, ölkələr sərhədlərini bağlayıb, nəqliyyat əlaqələri kəsilib. Koronovirusla mübarizə aparmaq üçün bir çox ölkələrdə kadr, tibb avadanlıqları, elementar maskalar və dezinfeksiyaedici məhsullar çatışmırdı. Pandemiyanın ümumbəşəri bəla olduğu üçün, hər hansı sərhəd tanımadığı bir dövrdə, virusun fəsadlarının tam aradan qaldırılması, dövlətlərin və beynəlxalq təşkilatların birgə fəaliyyətini zəruri edir. Belə bir vəziyyətdə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, hal-hazırda sədrlik funksiyasını icra etdiyi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və Qoşulmama Hərəkatına daxil olan ölkələrin Təmas Qrupu formatında onlayn rejimdə videokonfrans keçirdi". Bunu SİA-ya millət vəkili Nəsib Məhəməliyev deyib.
Deputatın sözlərinə görə, videokonfranslarda hər iki beynəlxalq təşkilata daxil olan dövlət və hökumət başçıları ilə yanaşı, BMT-nin Baş katibi, BMT Baş Assambleyasının sədri, Avropa İttifaqının Ali nümayəndəsi, Afrika komissiyasının sədri, Ümumdünya səhiyyə təşkilatının Baş direktoru iştirak ediblər: "Xüsusi vurğulamaq istəyirəm ki, ilk dəfə olararaq Avropa İttifaqının nümayəndəsi, Qoşulmama Hərəkatının tədbirinə qatılmaqla, bu iki böyük təşkilat arasında əməkdaşlığın əsası qoyuldu. Bu da bir mənalı olaraq cənab Prezidentin beynəlxalq nüfuzu, hadisələrə, mövcud problemlərin həllinə praqmatik yanaşma bacarığının nəticəsidir və Azərbaycanın bir dövlət olaraq beynəlxalq həmrəyliyə verdiyi töhfədir. Ölkəmiz ekstremal şəraitində dünya ölkələrini bir araya gətirərək, 10-dan yuxarı ölkəyə, ümumdünya səhiyyə təşkilatına koronovirusla mübarizədə yardım etdi və nümunə olaraq göstərildi. Konfranslar ərəfəsində, dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların rəhbərlərinin çıxışlarında ölkə başçımızın ünvanına səslənən təşəkkürlər isə bunun əyani sübutudur".