İctimaiyyət 5 yaşlı uşağını siyasi məqsədlər üçün istifadə edən ananı qınayır

22 Aprel 2011 21:04 (UTC+04:00)
Aprelin 17-də bəzi müxalifət partiyalarının Bakı şəhərində keçirməyə cəhd göstərdikləri və baş tutmayan aksiya radikalların yeni və maraqlı taktikaya əl atması ilə yadda qaldı. Əhalinin bütün kateqoriyalarından əli üzülən radikallar bu dəfə azyaşlı məktəblilərdən yararlanmağa çalışdılar.
Bir neçə gündür ki, "Sahil" bağında radikal müxalifətin qanunsuz aksiyası zamanı ictimai asayişi və vətəndaşların təhlükəsizliyini təmin edən polisin azyaşlı uşağı və onun anasını gərginlik müşahidə olunan ərazidən uzaqlaşdırması ətrafında şou təşkil edilir.
Hər şeydən əli üzülən radikallar indi də, valideyni tərəfindən aksiyaya gətirilmiş və polis tərəfindən oradan uzaqlaşdırılan azyaşlı qızcığaz ətrafında süni hay-küy yaratmaqla məşğuldurlar.
Lakin ölkə ictimaiyyəti bu cür hallara qarşı öz qəti mövqeyini ortaya qoydu. Uşaq təşkilatları da öz etiraz səsini ucaltdı. Respublika Uşaq Təşkilatının sədri, millət vəkili Gülər Əhmədova bildirib ki, uşaqların ailədə və cəmiyyətdə şiddətə məruz qalmasının qarşısını almaq üçün maarifləndirmə işlərinə üstünlük verilməlidir.
17 aprel aksiyası zamanı 5 yaşlı uşağın anası ilə birlikdə polis tərəfindən saxlanılmasına münasibət bildirən millət vəkili qeyd edib ki, Ailə Məcəlləsinə görə uşağın hüquqlarından sui-istifadə etmək olmaz: "Biz valideynlərin məsuliyyəti ilə bağlı bir çox məsələlərdə humanist yanaşırıq. Onlara bu qanunları şamil etmirik. Hesab edirik ki, onlarla ilk öncə danışarıq, qanunları izah edərik. Düşünürük ki, bəlkə onların bu qanunlardan xəbəri yoxdur. Amma birmənalı şəkildə demək istəyirəm ki, 5 yaşlı uşağın anası tərəfindən aksiyaya təhrik edilməsi cinayətdir. Mən təşkilatın adından bununla bağlı bəyanat yaydım və uşağın valideyni ilə də əlaqə saxladım ki, onunla görüşək. Çünki ilk olaraq ona qanunları izah etmək istəyirdik".
G.Əhmədovanın sözlərinə görə, müxalifətdə olan bəzi şəxslər bundan kart kimi istifadə etməyə çalışır ki, Azərbaycanda uşağa qarşı belə bir addım atıldı. "Mən o anaya üzümü tutub bir daha demək istəyirəm ki, necə hesab edirsiz, bu etiraz aksiyasının başında duranlar bu yaşda övladını ora gətirərdimi? Bu hadisə Azərbaycan anasının görə bilməyəcəyi bir iş idi. Təsəvvür edin, Avropa Şurası bizə tövsiyə edir ki, siz uşaqların toyda bəylə gəlinin qarşısında mələk simasında oynaması ilə onların hüquqlarını pozursuz. Mən təəssüf edirəm ki, hələ Avropa Şurasından bizə belə bir ismarış gəlməyib ki, niyə uşaqların etiraz aksiyasına aparılmasına imkan verirsiniz", - deyə millət vəkili vurğulayıb.
"Sağlam Toplum" İctimai Birliyinin (STİB) sədri, sosioloq Lalə Mehralının fikrincə, bu məsələ olduqca ciddidir: "Bu, uşaq istismarıdır. Ümumiyyətlə, yetkinlik yaşına çatmamış uşağı nə dini mənsubiyyətə, nə də siyasi seçimə məcbur etmək olmaz. Sivil ölkələrdə buna görə valideyn məsuliyyətə cəlb edilir, hətta uşaq valideynlərdən alınaraq dövlətin himayəsinə verilir. Çünki bu yaşda uşaqların mitinqə çıxarılması, hansısa şüar qışqırması uşaq əməyinin istismarıdır: "Axı əl qədər cocuq hardan bilsin siyasət nədir, mitinq nəyə görədir? O yaşda uşağın düşüncəsini qarışdırmağı, istədiyin istiqamətə yönəltməyi doğru saymıram. İmkan verək ki, böyüsün və özü düşünsün nə yaxşıdır, nə pis. Demokratik cəmiyyət istəyən valideyn düşünməlidir ki, demokratik cəmiyyətdə heç kimi heç nəyə təhrik etmək olmur, insanlar öz istəyi ilə davranır, körpələr mitinqlərə çıxarılmır.
Biz çalışmalıyıq ki, uşaqların tərbiyəsinə, oxumasına şərait yaradaq. Savadlı insan özü nə istədiyini, kimi istədiyini, nə cür cəmiyyətə gərək duyduğunu bilir. Fikrimcə, bu məsələ ilə əlaqədar qurumlar məşğul olmalıdır. Uşaqların bu cür istismarına "dur" demək lazımdır".

"Altay" Strateji Araşdırmalar Mərkəzinin (ASAM) sədri Elçin Bayramlının fikrincə, ümumiyyətlə, azyaşlıların valideynləri və başqalarının öz məqsədləri üçün istifadəsi həm hüquqi, həm də əxlaqi baxımdan yolverilməzdir: "Burada əsas günah valideyndə olsa da, mən media nümayəndələrinin hərəkətlərinin də səhv olduğunu vurğulamaq istərdim. Ola bilsin ki, o qızcığazın anası xarici ölkələrdən sığınacaq almaq istəyir, ya da hansısa problemini ictimailəşdirmək niyyətindədir. Amma bunun üçün normal yollar var. Azyaşlı qızın bu cür məqsədlər üçün istifadəsi onun psixologiyasına ağır zərbə vura bilər.
Düşünürəm ki, mətbuat bu məsələdə şou yaratmaqdansa, belə halların yolverilməzliyini vurğulamalı və onun valideyni ictimai qınaq obyektinə çevrilməlidir. Bəzi qəzetlər hadisəni elə təqdim edir ki, sanki polis həmin uşağa zorakılıq tətbiq edib və onu həbsə atıb. Əslində, polis bunu həmin uşağın təhlükəsizliyini təmin etmək üçün ərazidən uzaqlaşdırılması və valideyninə bunun doğru olmadığı haqda izahat vermək məqsədilə həyata keçirib. Hər halda bizdə bu mədəniyyət formalaşmayıb və mütəmadi olaraq azyaşlıların hüquqlarının pozulması hallarının şahidi oluruq".

"Sağlam İnkişaf və Maarifləndirmə" İctimai Birliyinin sədri Anar Xəlilovun fikrincə, əslində o, aksiyaya uşağın çıxmağı radikal müxalifət üçün biabırçılıqdır: "Utanmayıb, hələ bir o uşağı qəhrəman edirlərsə, söz tapa bilmirəm. Amma bir şey də var ki, bəlkə də o uşaq onlara lağ edirdi. Yəni, bunlar artıq siyasətçi olmaq yerinə gedib uşaq teatrında aktyor işləsələr daha yaxşı olar".

Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı Əkbər Qoşalı hesab edir ki, 17 aprel mitinq cəhdindən görüntülərdə yer almış 5 yaşlı qızcığazla bağlı məsələnin olaylaşdırılmasını alqışlamıram: "O uşaq nə qanır ki, nə var-nə yox? Əgər doğrudan da anası siyasi sığınacaq almaq üçün övladı ilə belə bir tamaşa qurubsa, onun üstünə getməyi yox, ona acımağı daha məqbul bilərdim. İnsandır da, hər kəsin yanlışı ola bilər. İndi durub bir əliuşaqlı qadınımı müzakirə edəcəyik?"

Göründüyü kimi, azyaşlı uşağın siyasi məqsədlərə alət edilməsini ictiamiyyət nümayəndələri qınayır və belə hallara qarşı önləyici tədbirlər görülməsini istəyirlər. Lakin radikal müxalifət qüvvələri xalqın rəyi ilə nə vaxt hesablaşıblar ki, indi də hesablaşsınlar. Onu bilirik ki, xalq onun sözünü saya salmayan insanlara öz qulaqburmasını verir və verəcək. Tarix bunu Azərbaycanda sonuncu dəfə 90-ların əvvəlində göstərib.