Qanun... Qanun... Bir daha əlahəzrət qanun!

6 May 2020 14:57 (UTC+04:00)

Yaxud, Prezidentin mesajlarından nəticə çıxarmayanların gözlənilən aqibəti

Ölkədə aparılan çoxşaxəli islahatların tərkib hissələrindən biri də əlbəttə ki, korrupsiya və rüşvətxorluğa qarşı amansız mübarizədir. Bu, bilavasitə dövlət idarəçiliyi sistemində Prezident İlham Əliyevin atdığı çoxsaylı qətiyyətli addımlarının bariz göstəricisidir. Əbəs deyil ki, dövlət başçısı hər dəfə xalqla açıq təmasları zamanı daim ictimai nəzarət faktorunu önə sürür, yerlərdə baş verən qanunsuzluqlar, vətəndaşların hüquqlarının kobud şəkildə pozulması halları barədə məlumatlandırılmasını vurğulayırdı. Bu, həm də bir mesaj idi – özbaşınalıqlara yol verənlərə, cah-cəlallıq içində yaşayıb, sadə vətəndaşın problemlərini kənara atanlara, xalqın haqqını yeyənlərə, dövlətin malını talayanlara yönəlmiş bir mesaj!

Gözlənilirdi...

Gözlənilirdi, amma gözləri sözün əsl mənasında möhürlənmiş bir sıra dövlət məmurları onlara etibar edilmiş vəzifələrinə o qədər hərisliklə bağlanmışdılar ki, həmin gözləntinin onları haqlayacağına inanmırdılar. Fəqət çox nahaq yerə!

Bu gün sadə insanlar bu sual ətrafında daha çox var-gəl edirlər ki, axı hazırkı dövrə qədər də, xalqın, dövlətin malını-mülkünü dağıdan, yeyib-bitirən məmurlar qanun qarşısına çıxarılaraq, layiqli cəzalarını alıblar, bəs nəyə görə bu ərəfələrdə həbs edilən bəlli icra başçıları buna məhəl qoymurdular? Bax, dövlət başçımızın “harınlamış, qudurğan məmurlar” kəlamı da məhz onlara aiddir. Onların həbslərindən sonra görün nə qədər qanunsuz əməlləri nəticəsində əldə etdikləri var-dövlətləri üzə çıxmağa başlayıb, nə qədər insanların haqlarının pozulması faktları ictimai rəyin diqqətinə çıxarılıb..!

Məgər bu da harınlamış, qudurğan məmurlara bir siqnal olmayıbmı?

Xüsusilə, koronavirusun dünyada yel kimi əsərək, məmləkətimizə də iqtisadi ziyanlar vurması fonunda dövlətin bütün çətinliklərə rəğmən xalqın yanında olmasından, xalqın marağına xidmət etməsindən sui-istifadə edib qida, sosial və s. yardımlara (!) belə göz dikənlərə ən ağır cəzalar verilməlidir. Bir var xarici düşmən, bir də var daxili düşmən. Bax belələri onlara edilmiş etimadları kirli, iyrənc məqsədləri naminə bir kənara atıb, xalqın düşməninə çevriliblər və bağışlanmayacaqlar da!

Bu gün bir sıra tanınmış ictimai-siyasi, mədəniyyət, elm adamları dövlət başçımızın qətiyyətini dəstəkləyir, bu qətiyyəti birbaşa dövlətə və xalqa bağlılıq olaraq tərənnüm edirlər. Bəli, bu belədir, dövlət və xalq sevgisinin, o cümlədən, Prezident-Xalq etimad və etibarının məntiqi göstəricisi. Xalqının lideri, dövlətimizin Prezidenti cənab İlham Əliyev müxtəlif vaxtlarda regionlara etdiyi səfərləri zamanı hətta şəxsən ona ünvanlanmış məktub və müraciətləri qəbul edib, dinləyib və müvafiq addımlarını atıb. Məgər bu da harınlamış, qudurğan məmurlara bir siqnal olmayıbmı? Təəssüf ki, möhürlənmiş gözlər bu dəfə də kor olaraq qalıb və nəticələr hasil olunmayıb. Olmadğına görə də zatən mövcud acı sonluqlarını, aqibətlərini yaşamaqdadırlar.

Burundan gələn haram tikə və bumeranq həyat...

Ulu dədələrimizi bir sözü var, haram tikə gec, ya da tez mütləq burundan geri gələcək. O cümlədən, müasir dövrümüzün də bir ilginc kəlamını xatırlatmaq istərdim, həyat bumeranqdır. İndi həbs olunaraq məhkəmələrə çıxarılacaq günlərini gözləyən sabiq icra başçılarının nə cavab verəcəkləri çox maraqlıdır. Onlar bundan sonra nə qədər “peşmanıq” desələr belə çox gecdir. Vaxtilə qəbullarına düşmək üçün günlərdə icra hakimiyyətlərinin qapılarına ayaq döyən vətəndaşın haqq səsidir onlara həmin aqibəti yaşadan. Bahalı avtomobillərinə minərkən, ona müraciət edən vətəndaşı qovmanın, qovdurmanın nəticəsidir düşdükləri vəziyyət. Sonda isə necə deyərlər, qanun aliliyi öz sözünü deyir, bundan sonra da deyəcək. Əlbəttə ki, hələ də gözlərindəki möhürləri əlləri ilə ovub, dünyada yeni reallıqlarla baxa bilməyəcək üçün qanun gəlməkdədir. Qanun...Qanun... Bir daha əlahəzrət qanun!

Rövşən RƏSULOV